Son vaxtlar dünya bazarında düyünün bahalaşması müşahidə olunur. Bu da düyü istehsal edən ölkələrin bu məhsulun ixracına tətbiq etdiyi qadağalardır. Dünyanın ən böyük düyü istehsalçısı Hindistanın ixraca qoyduğu qadağadan sonra, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da dünyada ən çox tələbat duyulan məhsulun ixracını dayandırıb. Dünyada düyünün bahalaşması Azərbaycan bazarına necə təsir edəcək?
"Konkret.az bildirir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə də bahalaşmadan qaçmaq mümkün olmayacaq:
“Azərbaycan iqtisadiyyatı inhisarçı iqtisadiyyat olduğuna görə, dünyada baş verən ucuzlaşmalar ölkə daxilindəki qiymətlərə təsir eləmir. Amma dünyada məhsullar bahalaşan kimi dərhal Azərbaycan bazarına təsir edir. Rəqabət mühiti olmadığından dünyada qiymətlər ucuzlaşanda, sahibkarlar həmin ucuzlaşmadan istifadə edib mənfəətlərini genişləndirirlər. Amma qiymətləri azaltmırlar. Lakin qiymətlərin bahalaşması haqqında məlumatı alan kimi, həmin bahalaşan məhsulların partiyası Azərbaycana girməmiş ölkədə qiymətlər bahalaşır.
İxracatçıların məhsulun satışına məhdudiyyət qoyması dünya bazarında düyünün qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Üstəgəl Ukrayna böhranı da düyünün bahalaşmasında əsas faktorlardan biridir. Ukrayna faktoru bir başa olmasa da, dolayısı ilə düyü bazarına təsir edir. Afrika ölkələrində buğda tapmayanlar düyü yeyir. Bu da düyüyə tələbatı artırır. Həm də bu il dünyada düyü istehsalında məhsuldarlıq aşağı düşüb.
Hardasa dünyada əvvəlki illərə nisbətən 9 milyon ton az düyü istehsal edilib və bu, sözsüz ki, dünya bazarına təsir edəcək, düyünün bahalaşmasına səbəb olacaq. Bu da təbii ki, Azərbaycanda düyünün bahalaşmasına gətirib çıxardacaq”.
Daha sonra Akif Nəsirli duru yağlara olan tələbatdan danışdı:
“Bu məhsulun qiyməti onsuz da Azərbaycanda kifayət qədər bahadır. Mən hesab eləmirəm ki, yaxın günlərdə duru yağların qiymətinin bahalaşmasına getsinlər. Çünki Azərbaycan daxilində bitki yağlarını dünya bazarından ən azı iki dəfə baha satırlar. Ona görə də hələlik kiçik bahalaşmalar Azərbaycan bazarına təsir eləməyəcək. Amma payıza doğru əgər bitki yağlarının da qiyməti bahalaşacaqsa Azərbaycan bazarına təsir edəcək. Ölkəmizdə bitki yağlarının qiyməti bir qədər də artacaq”.