"Vətəndaşların pensiyası yenidən hesablanıb artırıla biləcək" - Deputat

Bu gün Baş nazir Əli Əsədovun qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

İqtisadçı deputat Vüqar Bayramov bununla bağlı bildirib ki, qərarla 5 bənd üzrə dəyişiklik həyata keçirilib. Onun sözlərinə görə, bu dəyişikliklərdən 3-ü daha çox texniki xarakter daşıyır:

"Əsas dəyişikliklər qərarın 1.3 və 1.4-cü bəndləri ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq. Bu o deməkdir ki, pensiya təyinatınadək olan əmək və ya xidməti vəzifələrini yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya məbləğinin hesablanmasında istifadə olunacaq.

Digər mühüm dəyişiklik əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq. Bu dəyişiklik belə artımlar baş verən zaman pensiya məbləğinin yenidən hesablanmasına və artırılmasına imkan yaradacaq. Deməli, bu hallarda vətəndaşlarımızın pensiyası yenidən hesablanıb artırıla biləcək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ