Gömrük ödənişlərində fantastik artım - Sahibkarlar etiraz edir

“Binə” və “Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarların fəaliyyətində problem yaranıb. Buna səbəb son 1 il ərzində gömrük və vergi orqanlarının işindəki dəyişiklik göstərilir.

Buta.media-nın məlumatına görə, “Yeni Sabah” xəbər verir ki, sahibkarların “Cümhuriyət” qəzetinə verdiyi açıqlamaya görə, ticarət mərkəzlərində çalışanlar böyük problemlərlə qarşılaşıblar: 

“Son 1 il ərzində daşımaçılıq xidmətinin qiyməti 150 faiz artıb. Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişilir. Bu qiyməti yenidən 1000 dollara qədər artırmaq planları var. Bu da ilk növbədə sahibkarlar üçün əlavə vəsait itkisidir, bundan əlavə, malın maya dəyərinin kifayət qədər bahalaşmasına gətirib çıxarır. Təbii ki, bütün bunlar nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə təkan verir.

Uzun illərdir “Binə” və “Sədərək” Ticarət Mərkəzi ilə çalışan Rusiyadakı sahibkarların heç biri artıq bu bazarda görünmür. Səbəb də daşımaçılığın baha olmasıdır.

Ümumiyyətlə, Azərbaycan MDB məkanında daşımaçılıq xidmətinin baha olmasına görə ən öndə gedən ölkədir. Məsələn, Çinin Quanco şəhərindən Moskvaya yükün 1 kiloqramı 2 dollardır. Amma Quanco şəhərindən Bakıya yükün 1 kiloqramı 5 dollara yaxındır.

Azərbaycana Quancodan vurulan 1 kub mal 750 dollardır. İstanbuldan Bakıya vurulan malın 1 kiloqramı 3.70 dollardır, amma İstanbuldan Dağıstana vurulan malın 1 kiloqramı 2 dollardır. 1 kub mal da 170-200 kiloqram ağırlığında olur. Yay və qış mallarına görə kubun çəkisində fərq olur. İndi isə 1 kub malın qiymətini 1000 dollara qədər artırmağı planlaşdırırlar”.

Sahibkarın sözlərinə görə, iki gündür “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində çalışanlarla Çindən karqo xidməti göstərən şirkətin rəhbəri arasında ardıcıl görüşlər keçirilib: “Sahibkarlar artan daşımaçılıq xərclərinə haqlı etirazların bildiriblər. Karqonun rəhbəri isə artımın səbəbini onlar tərəfindən yox, Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumlarla əlaqələndirib. Bütün sahibkarlar çıxılmaz vəziyyətə düşüb. Bu məsələnin yolunu tapıb həll etmək lazımdır.

Amma bu gün Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “tədbirlər” sahibkarın bütün maraqlarına ziddir. Azərbaycanda yükdaşımaçılıq xidmətlərinin qiyməti fantastik həddə qalxıb.

Qiymət artdıqca ölkəyə gələn müştərilərin sayı da azalır, alıcılıq qabiliyyəti də aşağı düşür. Bütün bunlar nəticədə ümumi ticarət dövriyyəsinə mənfi təsir edəcək. Burada sahibkarlardan öncə dövlət itirir. Qiyməti artırmaqla büdcəni doldurmaq heç də doğru yol deyil, əksinə, qiymətləri endirib xarici ölkələrdən Azərbaycana daha çox müştəri cəlb etməklə ticarət dövriyyəsini qaldırmaq mümkündür.

Bu da nəticə etibarilə, ölkənin həm vergi, həm gömrük orqanlarına daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxara bilər”.

Digər bir sahibkar Samir Əliyev isə bildirib ki, karqo gətirdikləri malları hər gün bir qiymətə onlara çatdırır: 

“Bu gün 1 kub malı 500 dollara gətirən karqo sabah eyni həcmdə malı bizə 650 dollara, o biri gün 700 dollara gətirir. Çindən Azərbaycana gətirilən malı 20 gün də karqoda saxlayırlar. Səbəb nədir? Sonra da məlum olur ki, malın kubunu 100 dollara qaldırıblar. Tutaq ki, mənim 10 kub malım gəlib, karqoya 6 min dollar ödəyib malımı oradan çıxardırdım. Amma bu gün deyirlər ki, 7 min dollar verməlisən. Artıq sahibkarlar bunu edə bilmir. Maya dəyəri 6 manata olan malın qiymətini artırıb 7 manata sata bilmirik”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ