Azərbaycanda düyünün qiyməti artacaq

Dünyanın ən böyük düyü tədarükçüsü olan Hindistan basmati istisna olmaqla, bütün növ düyülərin ixracına qadağa qoymağı düşünür. Bloomberg yazır ki, bu, daxili qiymətlərin artması ilə əlaqədardır. Hindistan hakimiyyəti bu yolla inflyasiyanın sürətlənməsi riskindən qaçmaq istəyir. Qadağa Hindistanın düyü ixracının təxminən 80 faizinə təsir edəcək. Hindistanın dünya düyü ticarətindəki payı isə təxminən 40 faizdir. Bu addım Hindistanda qiymətləri aşağı salsa da, dünya bazarında onsuz da yüksək olan qiyməti yenə də arta bilər. Xatırladaq ki, Azərbaycan da düyü idxalının böyük hissəsini Hindistanın hesabına qarşılayır.

Bu halda Hindistanın ixracla bağlı qoyacağı qadağa Azərbaycana ixrac edilən düyünün qiymətinə necə təsir edəcək?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İqtisadçı Pərviz Heydərov bildirib ki, düyü ilə bağlı qadağanın səbəbi daşınma xərclərinin artmasıdır:

“Hindistan və Pakistanın düyü ixracına məhdudiyyət tətbiq etmək istəməsi hələ keçən ildən müşahidə olunurdu. Bu da bir sıra problemlərlə əlaqədardır. Düyü ixrac edən ölkələrin məhdudiyyətlər tətbiq etməsinə səbəb yanacaq məhsullarının bahalaşmasıdır. Yəni bu, Hindistanda düyü istehsalının azalması, qiymətlərin artması ilə əlaqədar deyil. Dünyada yanacağın qiymətinin qalxması ilə əlaqədar düyünü xammal kimi ölkə daxilində istifadə etmək istəyirlər”.

İqtisadçının sözlərinə görə, hökumət yumşaldıcı tədbirlər görməyə məcburdur:

“Daxili tələbatımızı 15 faiz güclə təmin edə bilirik. Qalanını kənardan alırıq. Hindistanla bağlı yaranan vəziyyət onu deməyə əsas verir ki, bazarda qiymətlərin necə inkişaf edəcəyindən asılı olaraq hökumət yəqin ki, Hindistandan ixrac edilən düyü üzrə gömrük rüsumunu ləğv etməyə məcbur olacaq. Çünki idxal etdiyimiz məhsulun 40 faizini Hindistandan alırıq. Ona görə də Hindistanın qoyduğu məhdudiyyətlər istər-istəməz bizim bazara da təsir göstərəcək. Hökumətin yumşaldıcı tədbirlərinə baxmayaraq, əgər bu vəziyyət davam edərsə, daxili bazarda düyünün qiymətləri yüksələcək. Hindistan ixraca məhdudiyyət tətbiq edərsə, bu, sözsüz, idxalımıza da təsir göstərəcək”.

P.Heydərovun fikrincə, bu vəziyyətdən çıxış yolu Azərbaycanın öz daxili gücünü artırmasıdır:

“Belə fors-major hallar yarananda təcili çıxış yolları olmur. İstənilən halda bazarımız Hindistan və Pakistandan gələn düyü məhsulları üzrə formalaşıbsa, başqa ölkələrə müraciətimiz vəziyyəti qısa zaman daxilində sığortalayacaq, uzunmüddətli deyil. Uzunmüddətli sığortalanmaq üçün cənub rayonlarımızda və digər ərazilərimizdə istehsalın qayğısına qalmalıyıq. Mütəxəssislər deyir ki, bu ərazilərdə düyü istehsalı, çəltik tədarükünü artırmaq mümkündür. Hətta daxili tələbatımızı 35-40 faizə qədər ödəmək olar. Bu sahədə “Azərbaycanda çəltikçiliyin inkişafına dair” 2018-2025-ci ili əhatə edən dövlət proqramı da mövcuddur. Həmin proqramda ölkə əhalisinin düyüyə olan tələbatının yerli istehsal üzrə ödənilməsi, həmçinin idxalı əvəzləmək nəzərdə tutulur. Proqramın başa çatmasına 2 il qalıb. Amma bu proqramın nə dərəcədə icra olunduğu məlum deyil. Nə qədər ki ixracdan asılı olacağıq, o qədər də belə fors-major halların meydana çıxması nəticəsində daxili bazarda gərginlik yaranacaq”.

İqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli isə düşünür ki, daxili bazarda inhisarçılıq meylləri də var. Bu da bahalaşmaya təsir edir:

“Hindistan dünyada düyü təchizatçılarının ən böyüyüdür. Belə bir addım atacaqsa, bu, dünya bazarında düyünün bahalaşmasına gətirib çıxaracaq. Bu qərar həmçinin Azərbaycan bazarına da ciddi şəkildə təsir edəcək. Bu barədə danışmağımız belə düyü qiymətlərini bahalaşdıra bilər”.

A.Nəsirli qeyd etdi ki, düyünün bahalaşması ona olan tələbatı azaltsa, idxalımız aşağı düşə bilər:

“Hindistanda tətbiq ediləcək qadağa idxalımızın dəyər baxımından artmasına səbəb olacaq. Tutaq ki, Azərbaycanın illik tələbatı min ton düyü idi. Həmin düyünün qiyməti artacaq deyə, ticarət balansında idxal dəyərimiz də yüksələcək. Amma ölkə daxilində qiymətlərin bahalaşması düyüyə tələbatı azalda bilər. Bu səbəbdən də düyü idxalımızda azalma müşahidə olunacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ