Tanınmış azərbaycanlı iş adamı, milyonçu Qod Nisanov onun dövlət tərəfindən təqib olunması ilə bağlı yayılan şayiələri təkzib edərək, deyilənlərin “iyrənc yalan” olduğunu söyləyib.
Nisanov Oxu.Az-a “Moskva” və “Sadovod” ticarət obyektlərində keçirilən reydlər danışıb.
Onun sözlərinə görə, reydlər martın 11-də səhər saatlarında başlayıb: "Səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb.
Həmin üç şəxs bizim ticarət meydançalarının icarədarları idilər. Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları “Moskva”, “Sadovod” “Food city” ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu normaldır.
Nisanov bildirib ki, o hər zaman Azərbaycandan olan həmvətənlərnə yardım edib və indi də edir:
"Mənim obyektlərimdə minlərlə azərbaycanlı çalışır. Onlar ailələrini saxlayırlar, Azərbaycana pullar göndərirlər. Qoy, Azərbaycanda bilsinlər ki, öz həmyerlilərinin problemlərini həll etməyə kömək edən oğullar var.
Bizdə hətta miqrantlara yardım xidməti də var. Bizim hüquqşünaslar azərbaycanlılara yaşayış icazəsi almaqda, sənədlərin rəsmləşdirilməsində hər cür kömək göstərirlər. Biz həmyerlilərimizin məişət problemlərini həll edirik. Mənim üçün bu xırda bir məsələ ola bilər, ancaq onlar üçün böyük bir işdir.
Bizdə hər hansı problemlər ortaya çıxsa, inanın, onu həll edəcəyik. Mənim az-çox imkanım var, başıma çarə tapacağam. Bəs mənim obyektlərimdə çalışan minlərlə həmyerlimin aqibəti necə olacaq? Azərbaycanlıların bundan nə xeyri olacaq? Ona görə, yaxşı olar ki, mənə qara yaxmaq əvəzinə, mənim timsalımda Rusiyada yaşayan azərbaycanlılara göstərilən böyük dəstəkdən yazsınlar.
Mən hər zaman yaxşı işlər görməyə, insanlara yardım etməyə çalışmışam və öz prinsiplərimə sadiq qalmışam. Ancaq bəzi insanların bunu gözü götürmür. Çünki onların əllərindən bir iş gəlmir. Son yeddi il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur".