Abşeronlu fermerlərin su dərdi: İldə suya 1 milyon manat pul veririk

"Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramı qəbul edilib. Proqramın məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək.

Buta.media Sputnik-ə istinadən xəbər verir ki,  lakin müvafiq proqramlara və məqsədəyönlü siyasətə baxmayaraq, fermerlərin problemləri tükənmir. Məsələn, Abşeron rayonu "Xanqulu" qış otlaq sahəsində təsərrüfatla məşğul olan fermerlərin ən böyük dərdi sudur.

Qeyd edək ki, 1996-cı ilə qədər bu torpaqlar Xaçmaz rayonunun tərkibində olub. Sonradan Abşeron rayonuna verilən ərazilərdə 220-dən çox fermer təsərrüfatı var.

Sahibkar Seyran Kərimovun sözlərinə görə, əvvəllər burada böyük su xətləri olub. 1990-cı illərdən sonra həmin su boruları vətəndaşlar tərəfindən kəsilərək aparılıb.

Ərazi boyu gəzdikcə, kəsilmiş su xətlərinin qazılmış boş yerləri görünür. İllər əvvəl fəaliyyətdə olan nasosxanalar, su stansiyaları sıradan çıxıb.

Sahibkarlar deyir ki, bir gecədə kilometrlərlə su borularını kəsib aparıblar: "Ağır texnikalar işləyirdi burada. İndi su anbarları bərbad günə qalıb. Həmin dövrlərdə heyvanların su içməsi üçün xüsusi yerlər də tikilmişdi. Ancaq istifadə edilmədikcə, həmin yerlər də sıradan çıxdı".

Fermer təsərrüfatı ilə məşğul olan sakinlərin sözlərinə əsasən, indi hamı suyu pulla alır və ayda suya 30000 manata yaxın pul verirlər.

"Yol yaxşı olmadığna görə, bir maşın suyu 70-100 manata satırlar. Elə gün olur ki, suya 250 manat pul veririk. Burada yüzlərlə sahibkar var. Ümumilikdə, ildə hardasa 1 milyon manata yaxın suya pul xərcləyirik" - deyə sahibkar bildirir.

Fermerlər hesab edir ki, əraziyə su çəkilsə, bu, dövlət büdcəsinə də faydalı olar. Onlar maşınla aldıqları suya verdikləri pulu büdcəyə ödəyərlər: "Ayda 30-40000 manat suya pul vermək təsərrüfatın məhv olması deməkdir. Ərazidə böyük su stansiyaları, su xəttləri vardı. Suya verdiyimiz pulun məbləği bizi çox həvəsdən salır. Artıq bəzi fermer təsərrüfatları bu işdən imtina edib. Belə davam edərsə, yəqin imtina edənlərin sayı artacaq".

Məsələyə aydınlıq gətirən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazi Bakı-Şamaxı yolunun 74-cü kilometrliyində yerləşir. Onlara verilən su Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) xətlərindən olub. Həmin əraziyə yaxın "Azərsu" ASC-nin su xətləri mövcud deyil: "Yaxşı olar ki, sahibkarlar Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etsinlər".

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurumun ərazidə Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi var: "Sadəcə sözügedən ərazi bizim idarənin əhatə dairəsinə aid deyil. Yəni sizin söylədiyiniz yerdə bizim idarəmiz yoxdur. Əgər fermerlər ərazinin su ilə təmin edilməsini istəyirlərsə, yazılı şəkildə bizim quruma müraciət etsinlər. Bizim layihə institutlarımız var. Müraciətdən sonra əraziyə baxış keçirilir və bundan sonra əraziyə suyun verilməsi mümkündürsə, müvafiq tədbirlər görülür. Elə ərazilər var ki, həmin ərazilərə su çatdırmaq mümkün olmur. Vəziyət araşdırıldıqdan sonra sahibkaralara müvafiq cavab verilir".

D.Şərifov əlavə edib ki, sözügedən ərazidə bəzi qış-otlaq sahələri sonradan yaradılıb və həmin ərazilər qurumun idarələrinin ərazilərinə düşmür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ