İpoteka ilə bağlı qərar haqda - Açıqlama

Azərbaycan Sığortaçılar Assosiasiyası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319,1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələri ilə bağlı qərarı ilə əlaqədar açıqlama verib.

ASA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin müvafiq qərarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı rəy verilmədiyi bildirilib. 

Qeyd olunur ki, bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilib: “Göründüyü kimi, bu qərarın İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyəti yoxdur. Belə ki, bu kreditlər İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır.

Bir daha bildiririk ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır”.

Açıqlamada həmçinin qeyd olunub ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürülübsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığorta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ