İranın 17 şirkətinin Azərbaycana bibər və kivi idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb respublikamıza idxal olunan bibərlərin 19 partiyasında karantin tətbiq edilən zərərli orqanizm - “Qonur qırışıqlıq virusu” aşkarlanmasıdır.
Həmin məhsul partiyasından 10-u “Rasol Soleymanpour”, 4-ü “Amanj Sahragard”, 2-si “Avoid Sarmayeh Asia Co”, 1-i “Bazargani Diba Mehr Daryan”, 1-i Farhad Tejarat Ramin” və 1-i “Sarah Jabaroti” şirkətinə aiddir.
Bundan əlavə, İran şirkətləri tərəfindən respublikamıza gətirilən kivi məhsulunun 34 partiyasında karantin tətbiq olunan zərərli orqanizm - “Tut qalxanlı yastıcası” aşkarlanıb. Zərərverici aşkar edilən məhsul partiyalarından 6-sı “Sarah Jabaroti”, 5-i “Ramin Cheraghi”, 4-ü “Bahram Gostar Aras Shargh” 3-ü “Sayed Ali Akbar Abul Maali” və 3-ü “Avoid Sarmayeh Asia Co” şirkətinə aiddir. Digər 13 ixracatçı şirkətin hər birində isə 1 uyğunsuzluq halı müəyyən olunub.
Aşkarlanan hallarla əlaqədar Agentlik tərəfindən İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.
Qeyd olunan şirkətlərlə yanaşı, Azərbaycan idxalçılarından “Dry Fruits” MMC, “Frukt İs” MMC, “Ballı Store N” MMC və “South potato” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən bibər məhsullarından götürülən nümunələrdə “Qonur qırışıqlıq virusu”, “Amotrade” MMC, “Narnumru” MMC, “Fadak-1974” MMC, “Freere Fructe” MMC, “Senergy Az” MMC və “South potato” MMC tərəfindən gətirilən kivi məhsulunda isə dəfələrlə “Tut qalxanlı yastıcası” aşkarlanıb. Qeyd olunan subyektlərin idxal etdiyi zərərli orqanizmlə sirayətlənmiş məhsullarla bağlı zəruri fitosanitar tədbirlər görülsə də, gətirilən növbəti məhsul partiyalarında zərərli orqanizmlərin sirayətlənməsi halları təkrarlanıb.
Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən Agentlik tərəfindən İranın yuxarıda adları qeyd olunan 9, Azərbaycanın isə 8 şirkətinin bibər və kivi məhsullarını respublikamıza idxal etməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.