Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank” ASC-nin lisenziyasının 17 may 2023-cü il tarixdən ləğv edilməsi və bankın müflisləşmə yolu ilə bağlanması haqqında məhkəməyə müraciət olunması səbəbləri kifayət qədər geniş açıqlanıb. Söhbət, AMB-in yaydığı məlumatdan gedir, bu barədə Oxu.Az yazır.
Açıqlamada qeyd olunub ki, “Günay Bank” ASC-nin lisenziyası məcmu kapitalı miqdarı banklar üçün müəyyən edilmiş minimal miqdardan az təşkil etdiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olmasına, habelə cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirilmədiyinə görə “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən ləğv edilib. Bəs həqiqət necədir?
Sualı birbaşa cavablandırmadan öncə vurğulayım ki, əslində hər şey sektorun vəziyyətindən irəli gəlir. Ötən ayın əvvəlində yazdığım şərhdə də qeyd etmişdim ki, ölkənin bank sektorunda vəziyyət əvvəlki kimi sabit və qeyri-normal olaraq qalır. Bu isə o demək idi ki, sektorun durumu və fəaliyyəti iqtisadiyyatda artım tələblərinə cavab verməsə də, 2015-ci ildəki devalvasiyalardan sonrakı vəziyyətdə də deyil.
Başqa sözlə, bank sektorunun üzərində hazırda “qara buludlar” hökm sürməsə də ortada daimi “xof” mövcuddur. Bu “xof” da ondan ibarətdir ki, guya banklar çökə və bütövlükdə sistem iflasa uğraya bilər. Cari ilin fevralında iki mühüm göstəricinin - əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcminin azalması və problemli kreditlərin, yəni geri qaytarılmalı olan, ancaq vaxtında qaytarılmayan borc vəsaitlərinin məbləğinin artması buna xüsusən, ciddi zəmin yaratdı.
Bununla belə, yaranan “xofun” xarakterində əsas səbəbin heç də bütün bunlardan ibarət olmadığı da görünür ki, kökdə başqa qaynaqlar dayanır. Belə ki, inkişaf etmiş ölkələrin bank sistemlərində yaranmış vəziyyət, xüsusən də dünya iqtisadiyyatının 1 nömrəli aparıcı ölkəsi olan ABŞ-nin bank sistemində mart ayında iki bankın - “Silicon Valley Bank” ilə “Signature Bank”ın iflasa uğraması və sairə təşvişə səbəb oldu.
Halbuki şərhlərimdə bir neçə dəfə yazmışam ki, Azərbaycanda belə halın baş verəcəyi mümkün sayılmır. O səbəbdən ki, bizdə bank sistemi ABŞ-dəki və digər inkişaf etmiş ölkələrdəki kimi deyil və rəqabət şəraitində fəaliyyət göstərmirlər.
Yəni, onların hər hansı birinin bağlanması əslində, vəziyyətindən asılı olmayaraq da baş verə bilər. “Günay Bank”la əlaqədar atılan addım da buna misaldır. Belə ki, bank özünü müflis etməkdənsə lisenziyası alınır. Sual oluna bilər ki, bank sağlam idimi? Xeyr! Adıçəkilən bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. Və “Günay Bank” ASC-nin lisenziyasının ləğvi sektorda maliyyə dayanıqlığı və maliyyə sabitliyi üçün heç bir təhdid yaratmır və yarada da bilməz.
Yəni “Günay Bank” sistem əhəmiyyətli bank deyildi. Bunu rəqəmlər də göstərir. Sözügedən bankda bu il aprel ayının 1-nə ümumi depozitlərin həcmi 108 milyon 566 min manat təşkil edib ki, ötən ilin sonunda bu rəqəm 111 milyon 405 min manat olub. Bunun 38,5 milyon manatı sığortalı (kompensasiya olunan) əmanətlərdir.
“Günay Bank” da ölkədə fəaliyyət göstərən 25 bankdan biri olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv olduğundan əhalinin həmin 38,5 milyon manatı qaytarılacaq.
Bəli, bankın lisenzaliyalaşdırılmasına dair AMB-nin açıqladığı məlumatda “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinin əsas gətirilməsi də məntiqə uyğundur.
Həmin maddələrdə bankın və ya xarici bankın yerli filialının bank lisenziyasının yalnız və yalnız bankın nizamnamə və ya məcmu kapitalının miqdarı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin və ya məcmu kapitalının miqdarı müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi nizamnamə və ya məcmu kapitalın minimum miqdarından aşağı, həmçinin bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda, eyni zamanda bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi təqdirdə ləğv oluna bilinəcəyi yazılıb.
Əslində isə, hər şeyi real sektorun tələbi və bazar müəyyən etməlidir. Yuxarıda “bank özünü müflis etməkdənsə lisenziyası alınır”, ifadəsini boş yerə işlətmədim.
Bizdə real vəziyyət odur ki, ölkədə fəaliyyət göstərən bankların maliyyə vəziyyətləri yaxşı olsa da kredit faizləri yüksəkdir, əmanətlər üzrə təklif olunan gəlirlilik səviyyəsi aşağı olmasa da borc verilməsi risk sayılır, bütövlükdə bank sektoru iqtisadiyyatın normal inkişafı və artımı sarıdan müvafiq tələblər üçün çalışa bilmir.
Bu, “Günay Bank”dan sonra yerdə qalan bütün banklara da aiddir. Odur ki, ilk növbədə real sektorda risk amilləri azaldılmalıdır. İkincisi, ölkədə bank fəaliyyəti də asanlaşdırılmalı və sərbəstləşdirilməlidir. Bunun üçünsə mövcud hüquqi-normativ baza yenilənməli, bir sıra yeni qanunlar hazırlanıb qəbul edilməlidir.
Ümumiyyətlə, sektorun idarə mexanizmi və prinsipləri dəyişməlidir.
Bank sektorunda inhisarçılığın meydana gəlməsi üçün heç bir şərait və zəmin olmamalıdır. Bütün növ maliyyə resursları və mənbələrinə çıxmaq asan olmalı və banklar üçün bu sahədə geniş seçim şansları və imkanları yaradılmalıdır.
Üçüncüsü isə, banklar arasında rəqabət şəraiti olmalı, xarici kapitalın sektora gəlişi asanlaşdırılmalıdır. Ümumiyyətlə, bank sektoruna xarici alətlərin gəlişi qorxu hissi yaratmamalı, müsbət hal kimi qəbul olunaraq inkişaf etdirilməlidir.
Bir daha “Günay Bank”ın üzərinə gələrək qeyd etmək istərdim ki, AMB sözügedən qurumun vəziyyətini elə səviyyədə qiymətləndirib ki, görünür sağlamlaşdırma mümkün sayılmayıb. Ona görə də lisenziyası ləğv edilib. Ancaq bu, ardıcıl xarakter daşımamalı, banklar tərəfindən kreditləşdirmə sahəsində risklilik səviyyəsi aradan qaldırılmalıdır.
Əks təqdirdə, sistemdə nəzarət və idarəetmə təmərküzləşməyə aparacaq.