Paytaxt Bakıda son illərdə tələbə qızlar üçün xüsusi yataqxanalar, kirayə otaqlar tikilib, istifadəyə verilir. Ayrı-ayrı sahibkarlar tərəfindən inşa edilən kirayə yataqxanaların qiymətləri isə adambaşı 100-200 manat, hətta daha yüksək məbləğdə dəyişir.
Bəs maraqlıdır, kommersiya məqsədilə tikilən bu özəl yataqxanaların artması kirayə bazarına, mənzil bazarının ümumi mənzərəsinə necə təsir edir?
Buta.media xəbər verir ki, bu barədə Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli xatırladıb ki, Bakıdakı tələbələrin kirayə ehtiyacının əksəriyyətini təmin edən məkanlarda söküntü, yenidənqurma işləri aparıldığından kirayə bazarında ciddi problemlər yaranıb:
“Xüsusilə “Sovetski” universitetlərə yaxın ərazi olduğundan orada tələbələrə kirayə evlər çox verilirdi. Beləliklə, kirayə mənzil bazarında tənzimlənmə var idi. Amma “Sovetski” söküləndən sonra kirayə mənzillərin qiymətlərində artım müşahidə etdik. Tələbələr üçün özəl yataqxanaların tikilməsi yaxşı addımdır. Belə yataqxanalar nə qədər çox olarsa, həm tələbələr üçün əlverişli olar, həm də kirayə mənzil bazarında tənzimlənməyə yol aça bilər.
Bakı şəhəri hələ də köç almağa davam edir. Çünki Bakı tək inzibati paytaxt deyil, həm də iqtisadi paytaxtdır. İnkişaf etmiş ölkələrdə isə bu fərqlidir. Məsələn, Türkiyədə Ankara inzibati paytaxt, İstanbul iqtisadi paytaxtdır. Eləcə də, Amerikada Vaşinqton inzibati, Nyu-York iqtisadi, Çində Pekin inzibati, Şanxay iqtisadi paytaxt kimi tanınır. Azərbaycanda birtərəfli inkişaf getdiyindən, bütün iqtisadi məsələlər inzibati paytaxtda cəmlənib. Ona görə, regionlardan iqtisadi fürsətlər üçün Bakıya gələn sakinlərin çoxluğu kirayə mənzil bazarında ucuzlaşmaya da imkan vermir”.
Özəl yataqxanaların kommersiya məqsədilə icarəyə verilməsinin qayda-qanunları haqqında da danışan Natiq Cəfərli sahibkarların üzərinə düşən öhdəliklər haqqında da məlumat verib. Onun sözlərinə görə, kirayə mənzil məsələsində ümumi yanaşma var:
“Yəni kirayə verilən obyektin mənzil, yataqxana, ofis və s. olmasından asılı olmayaraq, ya icarə verən, ya da icarə götürən bundan 14 faiz dəyərində vergi verməlidir. Məsələ qarşılıqlı anlaşma ilə təmin edilməlidir. Yataqxanaları sahibkarlar tikirsə, bu həqiqətən də özəl tələbə yataqxanası kimi fəaliyyət göstərirsə, onlara vergi güzəştləri edilməlidir. Belə imkan yaradılsa, tələbələrin sahibkarlara ödədiyi vəsait bir qədər azalar. Nəticədə tələbələrin maddi durumunun yaxşılaşması üçün təkandır”.