“Günay Bank” ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Bank” ASC-nin lisenziyasını ləğv edib.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, buna səbəb Bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.

Odur ki, "Banklar haqqında" qanuna əsasən, “Günay Bank”ın lisenziyası ləğv edilib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin olunaraq onun idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib.

“Günay Bank”ın ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 %, kredit portfelində 1 %, öhdəliklərində isə 0,5 % təşkil edir. Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

“Günay Bank” Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq.

Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 58,22 %-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 28,48 %-lik səhmdarı), 41,15 %-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 49,9 %-lik səhmdarı), 0,63 %-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ