Sosial şəbəkələrdə Sürətli Poçt Lisenziyası olan şirkətlərin həm bəzi filiallarında lisenziyasız fəaliyyət göstərməsi, həm də lisenziyasız mütamadi olaraq təhvil məntəqələri açdıqları ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu məntəqələr adətən müxtəlif fəaliyyətlə məşğul olan ticarət obyektləri ilə əməkdaşlıq edir. Məsələn, telefon, gül, ev əşyaları və.s kimi mağazalarda karqo şirkətlərinin məntəqələri yerləşdirilir.
Məsələ ilə bağlı bir müddət öncə belə təhvil məntəqələri açan və Dövlət Vergi Xidməti tərəfindən xəbərdarlıq aldığı üçün bu fəaliyyətini dayandıran “Starex” karqo şirkətindən “Qafqazinfo”ya bildirildi ki, poçt xidməti lisenziyalaşdırılmış fəaliyyət sahəsi sayıldığından lisenziyanın tələbinə uyğun olaraq poçt və karqo xidməti göstərən şirkət olaraq istər ilkin açdıqları şöbə, istərsə növbəti filial və şöbə üçün lisenziya tələbi var.
Hazırda da Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bu lisenziyası var: “Ancaq fəaliyyəti olan və bazarın əsas payına sahib olan bütün şirkətlərin lisenziyalaşdırdıqları filiallarla yanaşı müştərilərinə təklif etdikləri “təhvil məntəqələri” var ki, bu məntəqələr lisenziyasız fəaliyyət göstərir. Bu tip məntəqələr adətən müxtəlif növ ticarət obyektləri olur”.
Şirkətdən əlavə olaraq o da deyildi ki, ümumilikdə lisenziyanın tələblərində nəzərdə tutulmayan bir hal mövcuddur. Bu da təhvil məntəqəsi tipli yerlərlə bağlı müddəalardır: “Dünyanın bir çox ölkəsində, hətta bizə ən yaxın olan Türkiyədə də “təhvil məntəqəsi” məntiqi mövcuddur. Bu ölkələrdə “Təhvil məntəqələri” üçün lisenziyalaşdırmada minimal tələblər var. Ancaq bizim qanunvericilikdə bu müddəalar olmadığı üçün bu növ fəaliyyətlə məşğul olmaq qanundankənar hal kimi qiymətləndirilir.
Bununla bağlı bizim bir çox dövlət qurumlarına, xüsusən Dövlət Vergi Xidmətinə bir neçə dəfə müraciətimiz olub. Onların da cavabı bu olub ki, bu kimi hallar üçün lisenziya tələb olunur. Əlavə olaraq da sorğu göndərmişik ki, əgər lisenziya tələb olunursa, bu kimi fəaliyyətlə məşğul olan şirkətlərin fəaliyyətinə niyə nəzarət olunmur? Ancaq təəssüf ki, son sorğularımız cavabsız qalıb. Bunun nəticəsi olaraq hələ də bu qanunsuz fəaliyyətlə məşğul olanlar öz fəaliyyətlərini davam etdirirlər”.
Şirkətin istəyi isə ondan ibarətdir ki, ya ümumilikdə poçtdaşıma haqqında qanunda dəyişiklik olsun və “Təhvil məntəqəsi” modeli ilə bağlı əlavələr edilsin, ya da əgər belə bir dəyişiklik edilmirsə, o zaman bu formada fəaliyyət göstərən şirkətlərin bu fəaliyyətinə nəzarət edilsin. Əgər qanunsuz fəaliyyət sayılırsa, onların da bu fəaliyyəti dayandırılsın.
İllərdir bu formada işləyən və fərqli - fərqli ticarət obyektlərində öz bağlamalarını təhvil verən karqo şirkətlərinin saytlarına nəzər saldıqda məlumatları açıq şəkildə yerləşdirdiyini görmək mümkün olur. Bəs bu şirkətlər qanunsuz təhvil məntəqələri ilə bağlı xəbərdarlıq alıbmı?
Məsələ ilə bağlı “FedEx” şirkətinin Azərbaycanda təmsil edən “Azeri Express” şirkətinin icraçı direktoru Şaiq Qəribzadə ilə əlaqə saxladıq. İcraçı direktor deyir ki, şirkətin ofislərinin hər birinin lisenziyası var: “Yeni açılan təyinat məntəqələrinin hər biri də lisenziya fəaliyyəti ilə davam edəcək. Bu, mütləqdir. Çünki qanun belədir”.
Elə “Dynamex” şirkətinin saytında da 20 yeni təhvil məntəqəsinin xidmətə verilməsi ilə bağlı məlumat yerləşdirilmişdi. Burada bölgələr üzrə təhvil məntəqələrinin ünvanı da qeyd olunmuşdu. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, saytda yerləşdirilən məlumatlar texniki səhv olub. Bundan sonra həmin təhvil məntəqələrinin ünvanları saytdan silinib. Şirkətdən əlavə edilib ki, onlara bununla bağlı heç bir xəbərdarlıq olunmayıb: “Türkiyədə bu tip lisenziyaların önəmi çox böyükdür. Orada müvafiq olaraq bütün lisenziyalarımız mövcud olduğu üçün Azərbaycanda da eyni qaydada işlərimizi tələb olunan lisenziyalarla həyata keçiririk. Hazırda şirkətimiz müştərilərin bağlamalarını Bakı, Sumqayıt və Gəncə ərazisində olan filiallarımız, digər bölgələrdə, şəhərkənarı ərazilərdə isə “Azərpoçt”la rəsmi əməkdaşlıq çərçivəsində müvafiq poçt məntəqələrində dağıtımını həyata keçiririk.
Əlavə olaraq Bakının müxtəlif yerlərində 4 filial açırıq və lisenziya alınması üçün müraciət olunub. Bununla bağlı heç bir xəbərdarlıq almamışıq. Çünki bütün fəaliyyətimiz tam rəsmidir və lisenziyalarımız var. Əlavə olaraq bildirək ki, bu lisenziyalarla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2 ildən bir yoxlamalar və müvafiq bildirişlər tərəfimizə göndərildiyi üçün tam qanuni fəaliyyət göstərilməsi üçün səy göstəririk. Bunu nəzərə alaraq sənədləri tam qaydasında saxlayırıq”.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, bu kimi hallarda vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti konkret hallar üzrə araşdırma tələb edir:
“Müqavilələrə baxılmalı, mövcud qanunvericiliyin tələbləri və risk faktorları müəyyən edilməlidir. Mövcud vergi qanunvericiliyi bütün vergi ödəyiciləri arasında fərq qoymadan vahid tələblər müəyyən edir. Şirkət rəsmisinə Dövlət Vergi Xidmətinə müraciət etməyi və konkret məsələlər üzrə müvafiq şərh almağı tövsiyə edirik”.