"İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı mavi qazın qiymətinə tətbiq edilən limitin dəyişdirilməsinin iqtisadi əsaslandırmasını hökumətə təqdim etdikdən sonra bir sıra dövlət qurumlarından o cümlədən Dövlət Neft Şirkətindən (SOCAR) əsaslandırmaya rəylər daxil oldu. Dünən isə Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif Şurası bu məsələni müzakirə edərək limitin 1700 kub metrdən 2200 kub metrədək artırılması barədə qərar qəbul etdi".
Buta.media xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, vətəndaşlarımız il ərzində 2200 kub metrədək qazın hər kubmetr üçün 10 qəpik ödəyəcəklər:
"SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib.
Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq.
Qərar bu gündən qüvvəyə mindiyi üçün güzəşt vətəndaşların limitinə əlavə olunacaq. Hətta limiti artıq istifadə edənlər də əlavə 500 kub metr güzəşt əldə edə biləcəklər. Limitlərin sıfırlanması ilin son günündə baş verəcək.
Birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilın güzəştin artırılması müsbət haldır. CESD-nin hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq bu limitə yenidən baxılması və güzəştin daha da artırılması məqsədə uyğun hesab edirik.
Bütövlükdə isə, CESD beyin mərkəzi olaraq təklflər hazırlayan zaman iqtisadi əsaslandırmasını da təqdim edir. Bu baxımdan mərkəzinin çoxlu sayda təklifləri hökumət tərəfindən artıq qəbul olunub. Ümid edirik ki, hazırladığımız digər mexanizmlərin də yaxınlarda rəsmi qəbulunu müşahidə edəcəyik".