Azərbaycanda “leş mafiyası”: Ətinin kilosunu 1 manata kafelərə satırlar – ARAŞDIRMA

“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.


Hər səhər, təxminən saat 5.00-dan – 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur…”


Bu iddia ilə haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev çıxış edib. Eynulla Fətullayev agentliyin rəhbəri Qoşqar Təhməzlinin fotosunu facebookda paylaşaraq, altından aşağıdakı cümləni yazıb: 


“Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı!”


Yeni Müsavat”ın əməkdaşı Qida Təhlükəsizliyi Agentliyinin, onun rəhbəri Qoşqar Təhməzlinin ünvanına səslənən korrupsiya ittihamlarına münasibət öyrənməyə çalışıb. Lakin QTA-dan ittihamlara susmaqla cavab veriblər.


Xeyli müddətdir agentlik fəaliyyətdədir, amma gördüyü iş, qidaların təhlükəsizliyi üçün atdığı addımlar nəzərə çarpmır. “Leş mafiyası” QTA yaradılandan əvvəl hansı qaydada işləyirdisə, indi də həmin qaydada fəaliyyətdədir. Yəni qara bazara leş ət daşınması dayandırılmayıb. Ortada qara bazarda satılan leş ətlərdən QTA-ya pay çatması iddiası da var!


“Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur…” iddiası çox ciddidir, agentliyin korrupsiyaya bulaşması ümumilikdə prezident səviyyəsində vətəndaşların qida təhlükəsizliyinin təmini ilə bağlı qərarına kölgə salır. Qeyd edək ki, illərdir rayonlardan Bakıya at, eşşək, hətta caynaqlı quşların, heyvanların ətləri gətirilərək digər heyvanların, quşların əti adı altında, yarımfabrikat şəklində satışının təşkilini dayandırmaq mümkün olmur.

Niyə QTA-nın saytında təhlükəli qida və zəhərlənmələr haqda məlumatlar yerləşdirilməsin? Axı 1 il bu işlərin görülməsi üçün kifayət qədər böyük bir zaman kəsiyidir. Ölkə başçısı mətbuata açıqlamalar verdiyi bir vaxtda agentlik rəhbəri mediadan niyə gizlənir? Qoşqar Təhməzlinin ictimaiyyətdən gizlətmək istədiyi, gizli saxlamağa çalışdığı məsələlər korrupsiya ittihamları ilə bağlı ola bilərmi?


Qida üzrə ekspert Eyyub Hüseynov deyir ki, “leş mafiyası” ilə bağlı ən uğurlu fəaliyyəti Daxili İşlər Nazirliyi görüb:  “Rayonlarda, kəndlərdə heyvanlar xəstəlikdən, qocalıb öləndə zəng vururlar, leş yığanlar gəlir və ölmüş, murdar olmuş cəsədi götürüb aparırlar. Leş əti Bakıda satanlarla yanaşı, onu alanlar da məsuliyyətə cəlb olunmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ