Azərbaycanda çay bahalaşıb - səbəblər, qiymətlər

Azərbaycanda çayın qiymətinin bahalaşması davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında çayın qiyməti ötən ilin yanvarına nisbətən 16,1 faiz, ötən ilin dekabrına nisbətən isə 1,1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında 500 qramlıq çayın orta aylıq pərakəndə satış qiyməti 12,50 manat olub. Ötən ilin dekabrında bu rəqəm 12,37 manat, yanvarında isə 10,76 manat olub. Həm yerli çayın həm də xaricdən gətirilən çayın qiymətində bahalaşma müşahidə edilib.

“Azərbaycanda əsasən xaricdən gətirilən çayların qablaşdırılması həyata keçirilir”

Bahalaşma ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə çay istehsalında göstəricilər yaxşıdır:

“Məsələn, 2021-ci ildə Azərbaycanda ümumi çay istehlakında yerli istehsalın payı 80 faiz olub. Lakin Azərbaycanda əsasən xaricdən gətirilən çayların qablaşdırılması həyata keçirilir. Başqa sözlə, biz Hindistandan, Şri-Lankadan, Çindən tonlarla çay gətirib burada qablaşdırmaqla məşğuluq. Məhsul "Made in Azerbaijan" adı altında istehsal edilsə də, faktiki olaraq xammal xaricdən gətirilir. Xammalın bahalaşması da qiymətlərə təsir göstərir”.

Dünya birjalarında çayın xammal qiyməti qalxıb

İqtisadçı diqqətə çatdırıb ki, ötən il dünya birjalarında çayın xammal qiyməti qalxıb: 

“Keçən il Şri-Lanka iqtisadiyyatında ciddi problemlər yaşanıb və çay yığımı azalıb. Şri-Lankada yığımın azalması dünyada ümumi çay yığımına mənfi təsir edərək qiymətləri artırıb. Burada təkcə xammal məhsulun maya dəyərini tam müəyyən etmir. Qablaşdırma, işçi, çatdırma xərcləri və s. var. Başqa sözlə, xammalın qiyməti məhsulun maya dəyərinin 40 faizini təşkil edirsə, 60 faizi isə digər faktorlardan asılıdır”.

Çay şirkətlərinin xərcləri artıb

O bildirib ki, 2022-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 14,5 faiz artıb. Çayçılıq sahəsində çalışanların da maaşları qalxıb. Keçən il ölkədə ümumi inflyasiya 12-13 faiz, ərzaq inflyasiyası isə 20 faiz olub. Beləliklə, çay şirkətlərinin də xərcləri artıb və bu qiymətlərə təsir göstərir. Birjalarda qiymətin ucuzlaşmasının mağazalara təsiri təxminən 3-6 ay ərzində baş verir. Yəni xammalın ucuzlaşması dərhal məhsulun qiymətinə təsir göstərmir.

“Çayın bahalaşması davam etməyəcək”

“Qiymətin stabilləşməsinə həm də idxal təsir göstərir. İdxal qiymətləri aşağı düşdükcə biz daxili bazarda da bunu hiss edəcəyik. Dünya bazarlarında çay xammalının 10 faiz ucuzlaşması gözlənilir. Bunun çayın qiymətinə təsiri az olacaq, ancaq ən azından çayın bahalaşması davam etməyəcək”, - deyə ekspert əlavə edib.

Ötən il çay bazarı üzrə 5 subyektə iş qaldırılıb

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, 2022-ci ildə çay bazarı üzrə 5 subyektə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Hazırda proses üzrə işə baxılır.

Dövlət Xidməti araşdırma apararkən “Antiinhisar fəaliyyəti haqqında” qanuna və Nazirlər Kabinetinin “Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli Sərəncamına əsaslanır.

Çayın idxalı da, ixracı da artıb

Xatırladaq ki, yanvar ayında ölkəmizə çay idxalı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında Azərbaycana 5 milyon 946 min dollar dəyərində 1110 ton çay idxal edilib. Bu da ötən ilin yanvarı ilə müqayisədə həcm baxımından 31,1 faiz, dəyər baxımından isə 48,4 faiz çoxdur.
Cari ilin yanvarında ötən ilin yanvarına nisbətən Azərbaycanın çay ixracı da kəskin artıb. Belə ki, həmin ay 613 min dollar dəyərində 70 ton çay ixrac edilib ki, bu da həcm baxımından 2 dəfəyə yaxın, dəyər baxımından isə 2,2 dəfə çoxdur.

Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı

Onu da bildirək ki, 2018-ci ildə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.

Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:

• çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;

• toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;

• çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;

• çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;

• mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;

• çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlayıb və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb.

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi aqrar potensialını gücləndirəcək.

Yaşıl çay yarpağı yığımı 8,5 min tona çatdırılacaq

Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ