Azərbaycanın pomidor ixracı azalıb - Səbəb, Qiymətlər

Azərbaycanın xaricə pomidor ixracından gəlirləri azalıb. Keçən ay həm dəyər həm də həcm baxımından pomidor ixracında azalma müşahidə edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin yanvar ayında Azərbaycandan xaricə 10,5 milyon dollar dəyərində 9 min ton pomidor ixrac edilib. Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 2 min 444 ton və ya 21,31 faiz azdır. Pomidor ixracından gəlirlər isə illik müqayisədə 3,2 milyon dollar və ya 23,26 faiz azalıb.

Pomidor ixracında azalma müvəqqəti xarakter daşıyır

Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ixracın azalmasının əsas səbəbi logistik problemlər, satış qiymətlərinin ucuzlaşmasıdır: 

“Bu, Şəmkir rayonunda pomidor əkinlərinin azalmasına gətirib çıxardıb. Başqa sözlə, Şəmkirdə pomidor üzrə payız əkini olmadığı üçün yanvar ayında ixracda azalma olub. Lakin dekabr ayında Şəmkirdə istixanalarda yenidən pomidor əkinlərinə başlanılıb və martın əvvəllərində bu məhsullar yetişəcək. Pomidor ixracında azalma müvəqqəti xarakter daşıyır və növbəti aylarda ixracda artım baş verəcək. Çünki artıq pomidorun satış qiyməti qalxıb və Şəmkirdə istixanalar fəaliyyətə başlayıb”.

Rusiyada Azərbaycan pomidoruna tələbat azalmır

O bildirib ki, Rusiyada istixanalarda pomidor istehsalı artsa da Azərbaycan pomidoruna tələbat azalmır. Çünki bizim pomidor keyfiyyətlidir. Hazırda pomidor ixracı sərfəlidir, gəlir gətirir. Azərbaycanın pomidor ixracının 95 faizi Rusiyanın payına düşür. Keçən il az miqdarda isə ərəb ölkələrinə göndərilib.

Ötən il Azərbaycandan pomidorların 97,2 faizi Rusiyaya gedib

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycandan 167,6 milyon dollar dəyərində 141 min 419 ton pomidor ixrac edilib. İxrac 2021-ci illə müqayisədə dəyər ifadəsində 7,3 milyon dollar çox, həcm baxımından isə 3 min 797 ton azdır. Həcmin azalmasına baxmayaraq gəlirin artması pomidorun 2021-ci illə müqayisədə bahalaşması ilə bağlıdır. Ötən il Azərbaycanın cəmi pomidor ixracının 97,2 faizi Rusiyanın payına düşüb.

Daxili bazarda pomidorun qiyməti bahalaşıb

Onu da bildirək ki, son 1 ildə Azərbaycanda daxili bazarda pomidorun topdansatış qiymətlərində bahalaşma müşahidə edilib. Belə ki, bu ilin yanvar ayında ötən ilin yanvar ayına nisbətən Salxım və Zirə pomidorlarının topdansatış qiyməti 18,8 faiz, Çəhrayı pomidorun topdansatış qiyməti isə 20,7 faiz bahalaşıb. Salxım və Zirə pomidorlarının topdansatış qiyməti 1,60 manatdan 1,90 manata, Çəhrayı pomidorun topdansatış qiyməti isə 1,45 manatdan 1,75 manata qalxıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında istixanalarda yetişdirilən pomidorun 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti isə 3,30 manat təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapıb. 2022-ci ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən Azərbaycandan pomidor məhsulunun bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ