Dünya iqtisadiyyatı geriləyir: Azərbaycanı nə gözləyir?

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin ekspertləri tərəfindən hazırlanan “Dünyada iqtisadi vəziyyət və onun 2023-cü ildə inkişafı ilə bağlı proqnozlar” adlı hesabatda bildirilir ki, “ABŞ və Avropa ölkələri öz iqtisadiyyatlarının artımında kəskin ləngimə ilə üzləşəcəklər”.

BMT-nin proqnozlarına görə, bu il ABŞ iqtisadiyyatının artımı 0,4 faiz, Avropa İttifaqında 0,2 faiz, Böyük Britaniyada ÜDM isə 0,8 faiz azalacaq. Səbəb, müəlliflərin qeyd etdiyi kimi, ABŞ, Aİ və digər inkişaf etmiş ölkələrdə iqtisadi artım meylinin səngiməsidir ki, bu da öz növbəsində dünyanın digər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir.

BMT iqtisadçıları ABŞ və Avropa İttifaqının iqtisadiyyatının vəziyyətini pessimist tonlarda təsvir edir

Hətta dünya üçün uğursuz olan 2022-ci ildə ABŞ ÜDM artımı 1,8 faiz təşkil edib. Belə ki, bu göstəricinin 4,5 dəfə gözlənilən azalması mümkündür – bu azalma faiz dərəcələrinin artması hesabına istehlakın aşağı düşməsi, real gəlirlərin azalması və ev təsərrüfatlarının ümumi iqtisadi potensialının əhəmiyyətli dərəcədə aşağı düşməsi nəticəsində baş verə bilər.

Bundan əlavə, artan ipoteka faizləri, eləcə də tikinti xərcləri mənzil bazarında ağırlaşmaya səbəb olacaq və daşınmaz əmlaka uzunmüddətli investisiya qoyuluşunu aşağı salacaq.

Hesabat müəlliflərinin fikrincə, böhrandan qaçmaq üçün ən radikal tədbirləri görməli olan Böyük Britaniya iqtisadiyyatında kritik tənəzzülü şərh etmək belə çətin olub.

BMT iqtisadçıları iqtisadi artımın cəmi 0,2% olacağı Aİ ölkələrində yaranan vəziyyəti də eyni səviyyədə qiymətləndirirlər ki, bu da BMT-nin özünün məlumatına görə, 3,3% olan 2022-ci ildəkindən xeyli aşağıdır. Aİ ölkələri Rusiyanın enerji təchizatından asılılığını azaltmaq üçün səylərini davam etdirdikcə, region enerji təchizatı zəncirlərindəki pozuntulara qarşı həssas olaraq qalacaq və qaz çatışmazlığı ilə üzləşə bilər.

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir

Ümumiyyətlə, Aİ-də artımın azalması onunla izah olunur ki, koronavirus pandemiyasından sonra sanitar məhdudiyyətlərin aradan qaldırılması ilə yaranan potensial tamamilə tükənib.

Belə görünür ki, Birləşmiş Ştatlar, Böyük Britaniya və Aİ iqtisadiyyatları üçün BMT bu cür neqativ proqnozlar verirsə, o zaman Azərbaycanın böyük problemlərə hazırlaşmasının əsl vaxtı çatıb. Amma belə çıxır ki, BMT ekspertləri başqa cür düşünür, qarşıdakı ildə Azərbaycanın ÜDM artımını 3 faiz səviyyəsində proqnozlaşdırırlar. Eyni temp 2024-cü ildə də davam edəcək.

Düzdür, artım templərindəki ümumi azalma tendensiyası ölkəmizə də təsir edəcək (yada salaq ki, 2022-ci ildə BMT onları 5 faiz qiymətləndirmişdi). Digər tərəfdən, orta illik inflyasiyanın azalacağı, 2023-cü ildə 8,1 faiz, 2024-cü ildə isə 5,3 faiz olacağı proqnozlaşdırılır. Burada aydınlaşdırmaq yerinə düşər ki, Azərbaycan Nazirlər Kabinetinin proqnozlarına əsasən, verilən göstəricilər bir qədər yaxşı görünsə də, ümumi tendensiya qalmaqdadır.

Maraqlıdır ki, Azərbaycanın proqnozlaşdırılan uğurları təkcə neft-qaz sektorunun göstəriciləri ilə deyil, bunu MDB-nin statistik məlumatları ilə müqayisə etməklə görmək olar.

BMT bu il üçün (Gürcüstan da daxil olmaqla, lakin Ukrayna istisna olmaqla) MDB ölkələrinin iqtisadiyyatının 1 faiz azalacağını proqnozlaşdırır ki, bu da ÜDM-in 1,6 faizini təşkil edən əvvəlki illə müqayisədə azdır. MDB ölkələrinin iqtisadiyyatının azalmasının əsas amili Ukraynadakı müharibədir. Bununla belə, bəzi postsovet dövlətləri, BMT-nin qeyd etdiyi kimi, “biznesin və kapitalın köçürülməsi sayəsində indiki vəziyyətdən faydalana bildilər”.

Bu “bəziləri” arasında Azərbaycan da var.

Rusiya iqtisadiyyatına gəlincə, hətta BMT ekspertləri də dəqiq proqnozlar verə bilmirlər. Yalnız qeyd olunur ki, “proqnozlar əlverişsiz olaraq qalır, 2023-cü ildə daha da azalma və yalnız 2024-cü ilə qədər cüzi bərpa ehtimalı var”.

Eyni sözlər Ukraynaya da aiddir.

Ümumilikdə, qlobal vəziyyəti Çin iqtisadiyyatını nəzərə almadan təsəvvür etmək çətindir. BMT-nin proqnozlarına görə, 2023-cü ildə Çin ÜDM-i 4,8 faiz həcmində artacaq ki, bu da Qərb ölkələri ilə müqayisədə xeyli yüksək, lakin hələ də Çin iqtisadiyyatı üçün koronavirus pandemiyasından əvvəl orta göstəricidən aşağıdır. 

Düzdür, bu proqnozlar, reallıqdan uzaq olacaq. Məsələ burasındadır ki, hesabatı hazırlayarkən BMT iqtisadçıları Pekinin koronavirusla mübarizədə “sıfır tolerantlıq” siyasətindən əl çəkməyəcəyini əsas götürüblər ki, bu da təbii olaraq onun fiskal və monetar tədbirlərini zəiflədəcək.

Lakin Çin hakimiyyəti bu baryeri yeni keçdiyi üçün ölkədə iqtisadi artım ola bilər. Ancaq pandemiyadan əvvəlki 6-6,5 faizdən yuxarı və ya aşağı, bunu zaman göstərəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ