Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10215045 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 112758 doğulan körpə qeydə alınıb.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,2-yə qədər artıb. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olmuşdur. Doğulan körpələrdən 3154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm olub.

Bundan əlavə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57033 nikaha daxilolma və 14525 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

2022-ci ilin 11 ayında ölkə üzrə 55681 ölüm halı qeydə alınıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,6-dan 6,0-a düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ