Bu il ilk dəfə olaraq pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də əlavə edilərək ödəniləcək.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bu il pensiyaçılara yardımın aylıq, yoxsa rüblük ödəniləcək sualına belə cavab verib: “Bu aydan pensiya məbləğinə hesablanan 16,7 manat əvvəlki ildə verilən yardımın 2023-cü ildən pensiya məbləğlərinə əlavə olunmasıdır. Belə ki, “Əmək Pensiyası” haqqında qanuna bu ildən edilən dəyişikliklərə əsasən yardımlar pensiya məbləğinə əlavə olunaraq hər il indeksasiya olunacaq. Bu ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır. Yəni, məbləğindən asılı olmayaraq pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu aylıq 16,7 manat deməkdir (200 manat/12 ay=16,7 manat). Bu isə o deməkdir ki, 16,7 manat məhz ötən ilki yardım artıq aylıq məbləğə əlavə olunmasıdır. Bu baxımdan artıq yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur. Bu halda 300 manat pensiyaya alan vətəndaşımıza yanvar ayında 316,7 manat ödəniləcək. Amma bu indeksiyaya olunaraq artırılmış məbləğ deyil. Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir”.
Deputat yardıma görə əlavənin hər ayın pensiyasında nəzərə alınacaqmı sualına cavab olaraq bildirib ki, bu yardım artıq pensiya məbləğinin bir hissəsi olur: “Yəni, 300 manat pensiya alan vətəndaşın pensiyası indi 316,7 manatdır. Bu isə aylıq pensiya məbləğidir. Amma heç də bu ay üçün yeganə artım deyil”.
V.Bayramov qeyd edib ki, ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq.
“Birinci artım sabahdan verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək. Bu, o deməkdir ki, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316,7 manat, fevral ayında 411,7 manat, mart ayından etibarən isə 364,2 manat alacaq.
Bir daha qeyd etmək istərdim ki, indeksasiya faizdən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər. Amma ümumi mexanizm artıq təsdiq edilib. Bununla belə, indeksasiya faizində qeyd etdiyimz rəqəm ilə müqayisədə ciddi dəyişiklik gözlənilmir”, - deyə deputat əlavə edib.