G7 və Aİ Rusiya neftinə 60 dollarlıq qiymət həddi qoydu - Kiyev narazıdır

G7 ölkələri və Avstraliya Rusiyadan dəniz yolu ilə neft tədarükünün qiymətinin bir barel üçün 60 dollar səviyyəsində həddini təsdiqləyib. Bu barədə Reuters dövlətlərin birgə bəyanatına istinadən xəbər verir.

Agentlik yazır ki, qiymət həddi dekabrın 5-də və ya həmin tarixdən sonra qüvvəyə minəcək.

Aİ ölkələri ötən gün Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində həddinin tətbiqi ilə bağlı razılığa gəliblər. Qərar dekabrın 5-dən qüvvəyə minməlidir. Yanvarın 15-dən sonra qərara mütəmadi olaraq yenidən baxılacaq: Rusiya neftinin maya dəyəri dünya bazarında qara qızılın qiymətindən ən azı 5% aşağı olmalıdır.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, G7 ölkələri, Avstraliya və Avropa Birliyi faktiki olaraq onun özünün hazırladığı təklifi qəbul ediblər.

“Baxmayaraq ki, düşmənin iqtisadiyyatını tez bir zamanda məhv etmək üçün Rusiya neftinin ən yüksək alış həddi 30 dollar olmalıdı idi”, -  deyə Yermak bildirib. Eyni zamanda o, əlavə edib ki, “Rusiya iqtisadiyyatı istənilən halda məhv olacaq və bütün cinayətlərə görə RF məsuliyyət daşıyacaq”.

Öz növbəsində, Moskva dəfələrlə bəyan edib ki, qiymət həddi ilə bağlı qərara qoşulan ölkələrə neft tədarük etməyəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ