Azərbaycan-Rusiya sərhədində minlərlə yük maşını dayanıb - Nə baş verir?

Azərbaycanla Rusiya arasında gömrük-keçid məntəqələrinin qarşısında yenidən yük maşınlarının uzun növbəsi yaranıb. İstanbulda yerləşən Beynəlxalq Daşıyıcılar Birliyindən qeyd  ediblər ki, hazırda 3500-ə yaxın sürücü Rusiya sərhədini keçmək üçün növbə gözləyir. Növbə Rusiya sərhədindən Xaçmaza qədər uzanıb.

Azərbaycan-Rusiya sərhədində əvvəllər də yük maşınlarının uzun növbələri yaranıb, lakin onlar əsasən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının pik vaxtlarında qeydə alınıb və əsasən sərhəd-keçid məntəqələrinin aşağı keçiriciliyi ilə bağlı olub. Bu yaxınlarda Rusiya tərəfi Dağıstanın Azərbaycanla sərhədindəki “Yaraq-Kazmalyar” məntəqəsi vasitəsilə keçidləri genişləndirsə də, problem həllini tapmamış qalır.

2022-ci ilin sonunadək “Yaraq-Kazmalyar” keçid məntəqəsinin ərazisində gündə minə qədər avtomobilin keçməsinə imkan verən on əlavə hərəkət zolağının yaradılması gözlənilir. Həmçinin bu ay Azərbaycan və Rusiya arasında 2025-ci ilin sonuna kimi istifadəyə veriləcək “Taqirkent-Kazmalyar” və “Novo-Filya” sərhəd-keçid məntəqələrinin layihələndirilməsi üzrə müqavilələrin bağlanması planlaşdırılır. Bu layihələrin həyata keçirilməsindən sonra Rusiya-Azərbaycan sərhədindəki keçid məntəqəsinin ümumi buraxılış qabiliyyətinin sutkada 1,4 mindən çox avtomobil təşkil edəcəyi, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin təxminən bir yarım dəfə artacağı gözlənilir.

Ötən gün Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin senatorlar Eduard İsakov və Aleksandr Brıskinlə birlikdə Dağıstan nümayəndə heyətinin müşayiəti ilə Dağıstanın Azərbaycanla sərhədində yerləşən hər üç avtomobil keçid məntəqəsinə - “Yaraq-Kazmalyar”, “Novo-Filya” və “Taqirkent-Kazmalyar” məntəqələrinə baş çəkib.

“Problemli mövzulardan biri Dağıstan Respublikası ərazisindən keçən keçid məntəqələrinin qeydiyyatı və yenidən qurulması məsələsi olub”, - Yatskin yoxlamadan sonra jurnalistlərə deyib. - Bu gün biz bu üç keçid məntəqəsinin hər birində olduq, kifayət qədər problemlər var. Başa düşürəm ki, vəziyyət sanksiya təzyiqi ilə, eləcə də dost ölkələrdən gələn malların, xüsusilə tez xarab olan malların həcminin artması ilə bağlıdır. Görünən odur ki, yük ilk növbədə nəqliyyat vasitələrinin üzərinə düşür. Səfərimizin nəticələrinə əsasən Federasiya Şurasının sədrinə hesabat hazırlayacağıq. Bütün nəzarət-buraxılış məntəqələri bizim Şimal-Cənub və Qərb-Şərq dəhlizlərimizin həlli üçün ümumi vəzifədir, bu kontekstdə Dağıstanın güclü tranzit potensialı var. Mən Federasiya Şurasının birinci vitse-spikeri kimi Şimali Qafqaz Cənub Federal Dairəsinə rəhbərlik etdiyim üçün bura Komitənin nümayəndə heyəti ilə gəldim. Hər şeyin bir anda həll olacağını demək, yalan danışmaq olardı. Plana görə, “Taqirkent” və “Filya” keçid məntəqələri 2026-cı ildə istifadəyə verilməlidir, “Yaraq-Kazmalyar” ilə bağlı vəziyyət daha mütərəqqidir, podratçı var, son tarixlər var, bizə əvvəlcədən deyirlər ki, keçid məntəqəsi 2023-cü ilin üçüncü rübündə hazır olacaq”.

Rusiya Nəqliyyat Nazirliyi bildirir ki, sərhəddə yaranan növbələr səbəbindən “Yaraq-Kazmalyar” məntəqəsində yük maşınlarının hərəkət istiqaməti dəyişdirilib.

“Azərbaycandan Rusiya Federasiyasına gələn ağır tonnajlı avtonəqliyyat vasitələrinin sayının artması ilə əlaqədar noyabrın 5-i saat 00:00-dan noyabrın 17-dək “Yaraq-Kazmalyar” avtomobil buraxılış məntəqəsində nəqliyyatın hərəkəti qaydasında müvəqqəti dəyişiklik edilib”, - nazirlikdən bildirilib. - Avtomobillərin Rusiyaya daxil olmasına təmin etmək məqsədi ilə bütün altı zolaq cəlb olunub. Rusiya Federasiyasının ərazisindən Azərbaycana çıxmaq üçün qonşu “Taqirkent-Kazmalyar” keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Onun ərazisində yük avtomobillərinin qeydiyyatı ilə bağlı  həm giriş, həm də çıxış üçün iki zolaqda aparılır.

RF Nəqliyyat Nazirliyi Rusiya-Azərbaycan dövlət sərhədinin keçidini planlaşdırarkən bu məlumatın nəzərə alınmasını xahiş edir.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən sərt iqtisadi sanksiyalar səbəbindən beynəlxalq logistika marşrutlarında əsaslı dəyişikliklər baş verib. Bir tərəfdən Rusiyadan yük daşımaqdan imtina edən beynəlxalq şirkətlər Azərbaycan ərazisindən keçən Orta, yaxud Transxəzər nəqliyyat dəhlizinə üstünlük verirlər. Digər tərəfdən, Rusiya özü də sanksiyaların nəticələrini azaltmaq üçün Asiyada yeni bazarlar axtarır və öz mallarını Azərbaycandan da keçən Şimal-Cənub nəqliyyat dəhlizinə göndərməyə çalışır. Lakin keçid məntəqəsinin məhdud imkanları yük dövriyyəsinin artmasına imkan vermir.

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının uzun növbələrinin yaranmasının əsas səbəblərindən biri də bu yaxınlarda Kerç boğazını Rusiya tərəfindən yük maşınları daşıyan gəmi və bərələrin üzünə bağlamasıdır. Ehtimal olunur ki, bu, Krım körpüsünün təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərdən biridir. Nəticədə Türkiyədən Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin bir hissəsi Azərbaycana, digər hissəsi isə Gürcüstana üz tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ