Azərbaycanda yodun qiyməti kəskin bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. Qeyd olunur ki, əvvəllər 40 qəpiyə satılan yod hazırda 1.20 manatadır.
Məsələni dəqiqləşdirmək üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Apteklərdən bəzilərində yodun hələ də 40 qəpiyə satıldığı deyilsə də, digərlərində qiymətin artıq 1 manat 19 qəpiyə qaldırıldığı bildirildi.
Məlumat üçün bildirək ki, Tarif (qiymət) Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var.
Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsuludur. Onun pərakəndə qiyməti oktyabrın 31-dən 1,19 manat müəyyən edilib. Tarif Şurasının siyahısında olan qiymət biri dərmanların topdan, digəri pərakəndə satış qiymətidir. Məsələn, aptek yodu 0,99 manata alıb, 1,19 manata satmalıdır.
Qeyd edək ki, artımdan əvvəl apteklərdə bu məhsulun qiyməti 30-40 qəpik arasında idi.