Ehtiyatda qalmaq onun üçün ağrılıdır - Ronaldo karyerasını harada davam etdirəcək?

Kriştiano Ronaldonun artıq 37 yaşı var - bu, futbol standartlarına görə çox olsa da, portuqaliyalı hər kəsin diqqət mərkəzində qalmaqda davam edir. “Mançester Yunayted”dən uğursuz gedişlə bağlı yay macəraları başa çatmamış hücumçu yenidən çantalarını yığmağa başlayıb. Son məlumatlara görə, Kriştiano karyerasını Şimali Amerikada davam etdirə bilər - Devid Bekhem onu “İnter Mayami”yə keçməyə dəvət edir. Futbolçuya həmçinin iki Almaniya nəhəngi “Bavariya” və və “Borussiya Dortmund” klubları tərəfindən maraq var. Ronaldo niyə bir vaxtlar doğma klubu tərk etmək istəyir və sonunda hara gedəcək – bizim materialda.

Mançester oyunları

 

“Mançester yanvarda Ronaldonun gedişinə hazırlaşır”, “Kriştiano gedir: Erik ten Haqın bir şərti var”, “Ronaldonun “Mançester Yunayted”i tərk etmək planı təsdiqləndi, son matçın tarixi bəlli oldu”, – Britaniya mətbuatı son həftələr belə başlıqlarla doludur. Yeni mövsümün başlamasından iki ay keçib, lakin futbol nəşrlərinin ön səhifələri dəyişməyib: Ronaldo hələ də “Mançester Yunayted”dəki vəziyyətindən narazıdır və ən qısa zamanda klubu tərk etmək istəyir.

Yayda Kriştiano, Mançesterdən ayrılmaq üçün ümidsiz cəhd etdi. Perspektivlər qeyri-müəyyən idi: “Mançester Yunayted” Çempionlar Liqasına düşə bilmədi, məşqçi ilə münasibətlər yaxşı getmədi və komanda yoldaşları kifayət qədər hörmət etmədilər.

Karyerasını davam etdirmək üçün bir çox variant var idi: Ronaldonun adı həm PSJ, həm də “Bavariya” hallanırdı, hətta İtaliya çempionatına qayıtmaq barədə məlumatlar yayılmışdı - burada “Napoli” əsas iddiaçı idi. Transfer pəncərəsinin bağlanmasına az qalmış isə Kriştiano “Atletiko Madridə” keçə bilərdi.

Lakin alınmadı. Ten Haq portuqaliyalının özünü və eyni zamanda ətrafındakı hər kəsi inandırdı ki, ona hücumçu lazımdır. Elit səviyyədə oynamağa davam etmək imkanı naminə Ronaldo hətta Səudiyyə Ərəbistanı klublarından birinin “nəfəs kəsən” təklifini də rədd etdi: illik 125 milyon avro maaşla müqavilə. Çətin ki, həmin an Kriştiano “Mançester Yunayted”də qarşıdan gələn mövsümün onun üçün belə keçəcəyini təsəvvür edərdi.

“Ronaldo kiməsə nəyisə sübut etməyə davam edir”

 

Ronaldo əvvəlki mövsümdə özünə bənzəmirdi: 39 matçda 24 qol – portuqaliyalı bu qədər az qol 2006/2007 mövsümündə elə həmin “Mançester Yunayted”in tərkibində vurmuşdu – 53 oyuna 23 qol. Zəif performans (zəif, lakin yalnız Kriştianonun özünün standartları ilə) bir çox səbəblərlə izah edildi, bunlardan ən  əsası komandanın o vaxtkı baş məşqçisi Ralf Ranqnik ilə çətin münasibətlər adlandırıldı. Şayiələr gəzirdi ki, yazda portuqaliyalı hətta klub rəhbərliyinə ultimatum da qoymuşdu: ya o, ya mən! Hər şeyin necə bitdiyi aydındır, amma yeni məşqçi nəinki Ronaldonun problemini həll etmədi, əksinə, onu daha da ağırlaşdıra bildi.

Bu mövsüm isə Erik ten Haq çəkinmədi və mütəmadi olaraq Ronaldonu ehtiyat oyunçular skamyasında saxladı, ona portuqaliyalının özünə görə layiq olduğundan daha az vaxt verdi. İngiltərə Premyer Liqasının (EPL) cari mövsümünün yeddi oyununda Kriştiano ilk dəqiqələrdən meydana yalnız bir matçda daxil olub. Hətta Ranqnik belə etməmişdi.

Portuqaliyalı Avropa Liqası matçlarında oyun vaxtı ilə kifayətlənməli olur. İspaniyanın “Real Sosyedad”, Moldovanın “Şerif”, Kiprin “Omonia” klubları - açıq-aydın Ronaldo karyerasının sonunda belə bir rəqabət səviyyəsi arzusunda deyildi. Bununla belə kiçik turnirdə kifayət qədər vaxt qazansa da, Kriştiano həmişə parlamırdı. Günahkar kimdir? Düzdür, məşqçi!

Erik ten Haqın Ronaldodan düzgün istifadə etməməsi ilə bağlı fikirləri bəzi ekspertlər bölüşür. Məsələn, “Mançester Yunayted”in keçmiş kapitanı Roy Kin hesab edir ki, Kriştianonu ehtiyat oyunçular skamyasında saxlamaq sadəcə hörmətsizlikdir.

“Klub onu mümkün qədər tez buraxmalıdır. Bu cür səviyyəli oyunçunu ehtiyat skamyasında saxlamaq gülüncdür”

Roy Kin

Ronaldonun tərəfini “Mançester Yunayted”in digər keçmiş futbolçusu Rio Ferdinand da tutub. “Skamyada qalmaq onu incidir, o yalnız oyun haqda fikirləşir. Belə bir usta olmaqla, belə bir yaşda olan Kriştiano Ronaldo kiməsə nəyisə sübut etməyə davam edir”.

Ronaldoya meydanda az vaxt verilməsinin səbələrindən biri də, ten Haqın irəlidə pressinqdən istifadə etməsidir. Belə ki, yaşı ilə əlaqədar portuqaliyalı fiziki olaraq bu tapşırığı çatdırmır. Bununla belə, Roy Kin hesab edir ki, “Mançester Yunayted”in əsas problemi hələ də Kriştiano deyil. “Statistikaya baxsanız, görərsiniz ki, Ronaldonun qol vurma şansı komandadakı digər oyunçular qədər yüksəkdir. İndi pressinqə həddindən artıq diqqət yetirilir. Ancaq topu sahənin lazımi hissələrinə çatdırsanız, o, qol vurmağa davam edəcək”, - deyə ekspert israr edir.

“700 qol güclü nailiyyətdir”

 

Oktyabrın 10-da sanki keçmiş komanda yoldaşının (Ronaldo və Kin 2003-2005-ci illərdə “Mançester Yunayted”də oynayıblar) sözlərini təsdiqləmək üçün Premyer Liqada “Everton”la oyunda (1:2) ehtiyat skamyasından meydana daxil olan Kriştiano komandasına qələbə qazandırdı. Bu qol xüsusi oldu – portuqaliyalının mövsümdə EPL-də ilk topu idi. Daha da vacibi isə bu qolun onun klub karyerasında 700 olması idi! Buna nail olmaq üçün portuqaliyalı 21 mövsüm və 943 matç keçirib.

Bu nə qədər çoxdur? PSJ-nin hücumçusu Lionel Messi klub karyerasında 692 qola sahibdir, argentinalının əzəli rəqibinə çatmaq şansı yüksəkdir. Lakin norveçli Erlinq Haaland (“Mançester Siti” forvardı sözün əsl mənasında rəqibləri parçalayır - bu mövsüm o, 13 matçda 20 qol vurub) hələ də Ronaldodan çox uzaqdır. “BT Sport” hesablayıb ki, Kriştianonun nailiyyəti təkrarlamaq üçün Haaland növbəti 16 il ərzində hər mövsümdə 43 qol vurmalıdır.

Kriştianoya 700-cü qol münasibətilə xatirə köynəyi təqdim edən klub və baş məşqçi təbrik edib. “700 qol güclü nailiyyətdir. Kriştiano gözəl oyun nümayiş etdirdi, mən onun üçün çox xoşbəxtəm”, - deyə ten Haq bildirib.

Ronaldonun özü bu qola o qədər də əhəmiyyət vermədi. “Birlikdə nə gözəl nailiyyət əldə etdik. Bütün komanda yoldaşlarıma, məşqçilərimə, komandalara, ailəmə və dostlarıma və əlbəttə ki, azarkeşlərimə təşəkkür edirəm. Biz birlikdə irəliləyirik” Kriştiano sosial şəbəkələrdə yazıb.

Gələcək nə vəd edir?

 

Ronaldoya şübhəli şəkildə çox diqqət yetirən Mançester klubunun digər əfsanəsi Devid Bekhemdir. İngilis futbolçu Kriştianonun uşaqlıq fotosunu “Hər şey necə başladı” başlığı ilə yerləşdirib və ona “Everton”la matçdan bir şəkil əlavə edib. “700. Və bu hələ də davam edir. İnanılmazdır”, - Bekhem yazıb.

Heç vaxt birlikdə oynamasalar da, Devidi bu vəziyyətdə başa düşmək olar - indi o, Şimali Amerika Futbol Liqasında (MLS) çıxış edən “İnter Mayami” klubunun sahibidir. Kriştianonun artıq 37 yaşı var - bəlkə də karyerasının sonunda “qocalmış” ulduzlar tərəfindən seçilən turnirdə debütü üçün ən münasib yaşdır (məsələn, Bekhem vaxtilə eyni yolla getmişdi).

“ESPN”in məlumatına görə, bütün bunlar təsadüfi deyil - yanvarda Bekhemin klubu Kriştianonu transfer edəcəyi gözlənilir. “İnter Mayami”nin portuqaliyalıya yüksək maaş təklif etməyə hazır olduğu iddia edilir.

30 milyon funt sterlinq və ya 33,6 milyon dollar “İnter Mayami” mövsüm üçün Kriştiano Ronaldoya ödəməyə hazırdır

“Mançester Yunayted” hesab edir ki, Ronaldo Səudiyyə Ərəbistanından daha çox puldan imtian edibsə, ABŞ-a getməyə razılıq verməyəcək. 

Lakin Mayami rahatlıq baxımından Səudiyyə Ərəbistanından daha yaxşıdır. Bundan əlavə, MLS-ə keçid Kriştianoya şəxsi brendini tanıtmaq üçün daha çox imkan verə bilər. Bir vaxtlar Los Angeles Galaxy”də çıxış edən Zlatan İbrahimoviçin Cimmi Kimmel şousunda çıxışı böyük səs-küyə səbəb olmuşdu. Bir neçə gün ərzində isveçli sözün əsl mənasında Amerika idmanının əsas ulduzuna çevrildi. Kriştianonun Amerika televiziyasında çıxışının hansı effekti verəcəyini təsəvvür etmək çətin deyil. İdman baxımından ABŞ Ronaldo üçün ən pis variant deyil - orada sürətlər Avropadan xeyli aşağıdır, müdafiəçilərin ustalığı da. MLS-də pulla bağlı da heç bir problem yoxdur.

Ronaldonun tuta biləcəyi digər real istiqamət Almaniya Bundesliqasıdır. “Bavariya”nın prezidenti Oliver Kan klubun portuqaliyalı hücumçunu ciddi şəkildə nəzərdən keçirdiyini təsdiqləyib. Həmçinin məlum olub ki, “Borussiya” da Kriştianoya iddialıdır. Avropa futbolunun əsl ulduz konveyerinə çevrilmiş Dortmund klubu son vaxtlar hücumçu çatışmazlığı ilə üzləşib və Ronaldo, hətta indiki vəziyyətdə belə, bir vaxtlar nəhəng olan komandanı yaxşı gücləndirə bilərdi. Baxmayaraq ki, Oliver Kan hər iki klubun portuqaliyalı ilə müqavilə imzalamaq fikrindən imtina etdiyini bildirib, yerli KİV hələ Ronaldonun bu iki klubdan birinə keçə biləcəyi ehtimalının olduğunu yazır.

Bundesliqa son illərdə ən qabaqcıl hərəkətlərə üstünlük verən Ronaldonun üslubuna uyğun olardı. Alman komandaları daha geniş oynayır, Kriştianonun istifadə edə biləcəyi çoxlu sərbəst zonalar buraxır. Başqa bir sual: Ronaldo maliyyə iştahını azaltmaq istəyəcəkmi? 

Ən son variant isə, yayda olduğu kimi transfer dastanı heç nə ilə bitsin və Ronaldo çempionatın sonuna qədər Mançesterdə qalsın.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ