İndoneziyanın Şərqi Yava əyalətinin Malanq şəhərində futbol stadionunda yaranan izdiham zamanı 174 nəfər ölüb.
İğtişaşlar Kanjuruhan stadionunda “Arema” (Malanq) və “Persebaya” (Surabaya) futbol komandaları arasında keçirilən oyundan sonra baş verib.
Meydan sahibləri 2-3 hesabı ilə uduzublar. Final fitindən sonra narazı “Arema” azarkeşləri stadiona daxil olublar.
Polis əməkdaşları iğtişaşları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə izdiham yaranıb, yüzlərlə insan stadionun qapılarına tərəf qaşmağa başlayıb.
Azarkeşlərin əksəriyyətinin tapdalanaraq və ya boğularaq öldüyü bildirilir.
Şərqi Yava polis rəisi Niko Afinta izdihamın səbəbinin polisin gözyaşardıcı qazdan istifadə etməsi olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, matçdan sonra 300-dən çox insan xəstəxanaya yerləşdirilib, lakin çoxları yolda və ya daha sonra, xəstəxanada dünyasını dəyişib.
Afinta əlavə edib ki, hazırda xəstəxanada 180-ə yaxın adam müalicə olunur, bir çoxunun vəziyyəti ağırdır və qurbanların sayı arta bilər.