Rusiyada futzal Superliqasının ikinci turunda RFKP klubu “Torpedo”nu 8:2 hesabı ilə darmadağın edib. Görüşün ulduzu isə qalib gələn komandada qollardan beşinin müəlifi - Azərbaycan əsilli rusiyalı oyunçu Yanar Anar oğlu Əsədov olub.
“Komanda yoldaşlarım yaxşı ötürmələr verdi. Əsas odur ki, üç xal qazandıq. Düşünürəm ki, gələcəkdə də belə oyunlar olacaq. Təbii ki, yaxşı matçdır, bunu daim xatırlayacağam”, - deyə Y.Əsədov matçdan sonra təvazökarlıqla təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Rusiya futzalının simvolu sayılan Yanar Anar oğlu Əsədov ardıcıl iki mövsüm (2019/20 və 2021/22) Superliqanın ən yaxşı hücumçusu kimi tanınıb.
26 yaşlı oyunçu 2017-ci ildən RFKP-da oynayır. O, Rusiya millisinin heyətində 33 oyun keçirib və 19 qol vurub.
Hücumçunun kubok siyahısı da sanballıdır. Yanar UEFA kubokunun sahibi, ikiqat Rusiya çempionu və ikiqat Rusiya kubokunun qalibidir. Əsədov iki dəfə Superliqanın gümüş və Çempionlar Liqasının bürünc medalını qazanıb.