“Çelsi”nin baş məşqçisi istefaya göndərilib

Alman mütəxəssis Tomas Tuxel “Çelsi”nin baş məşqçisi vəzifəsindən azad edilib. Bu barədə çərşənbə günü, sentyabrın 7-də klubun saytında məlumat verilib.

“Çelsi” görülən işlərə görə mütəxəssisə və onun köməkçilərinə təşəkkür edib. “Tomas Çempionlar Liqası, Superkubok və Klublararası Dünya Çempionatını qazandıqdan sonra klubun tarixində layiqli yerini tutacaq”, - deyə klubun məlumatında bildirilir.

Sentyabrın 6-da Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Çelsi” Zaqreb “Dinamo”suna məğlub olub. Xorvatiyanın paytaxtında keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İngiltərə Premyer Liqasının altı turundan sonra londonlular üç qələbə, iki məğlubiyyət və bir heç-heçə ilə turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Tuxel 2021-ci ilin yanvarında “Çelsi” ilə müqavilə imzalayıb. Alman mütəxəssisin rəhbərliyi altında “mavilər” Çempionlar Liqası və UEFA Superkubokunun, həmçinin Klublararası Dünya Çempionatının qalibi olub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ