Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın “Ximki” futbol klubuna baş məşqçilik etmək təklifindən imtina edib.

Bu barədə məlumatı tanınmış idman jurnalisti İvan Karpov öz Telegram kanalında verib. O qeyd edib ki, Qurbanov gələn həftə Avropa Liqasının qrup mərhələsində başlayacaq “Qarabağ”la davam etməyi seçib.

Moskva vilayətinin klubu bu yaxınlarda baş məşqçisi Nikolay Pisarevi istefaya göndərib, onun rəhbərliyi altında komanda Rusiya Premyer Liqasının yeddi turunda dörd oyunda məğlub olub və turnir cədvəlində 11-ci yerdə qərarlaşıb. Qurbanovun imtinasından sonra “Ximki” 41 yaşlı rusiyalı mütəxəssis Spartak Qoqnievlə müqavilə imzalayıb.

Qeyd edək ki, Qurban Qurbanov futbolçu olarkən Rusiyanın “Stavropol Dinamo”, “Baltika”, “Fakel”, “Volqar” kimi klublarında çıxış edib. Qurbanovun məşqçilik karyerası isə yalnız Azərbaycanda inkişaf edib ki, onun da əksəriyyəti “Qarabağ”la bağlıdır.

Bu, Qurbanovun xarici təklifdən ilk imtinası deyil. Bir müddət əvvəl Türkiyə “Hatayspor”u da mütəxəssisi sükanı arxasında görmək istəsə də, çalışdırıcı təklifi geri çevirmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ