Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənclər arasında cüdo üzrə dünya çempionatı başa çatıb.
Yarışın sonuncu günündə komanda turniri baş tutub. Altı nəfərdən ibarət Azərbaycan millisi əvvəlcə bosniyalıları 4:1, 1/4 finalda Kanadanı 4:2, yarımfinalda isə gənc Ukraynanı 4:3 hesabı ilə məğlub edib.
Finalda Azərbaycan komandası Fransa ilə üz-üzə gəlib. Yarımfinal görüşündə aldığı zədə səbəbindən 63 kq çəki dərəcəsində mübarizə aparan Fidan Əlizadə həlledici görüşdə tatamiyə çıxa bilməyib. Nəticədə komandamız finala 0:1 hesabı ilə başlayıb. Buna baxmayaraq, Azərbaycan komandası sonda ümumi hesabı bərabərləşdirə bilib - 3:3.
Qaydalara görə, belə hallarda həlledici görüş keçirilir. Çəki kateqoriyası püşk yolu ilə müəyyən edilir. Təəssüf ki, Azərbaycan komandasının bəxti gətirməyib: püşkatma nəticəsində qızıl medal uğrunda mübarizə 63 kq-a qədər çəki dərəcəsinə düşüb ki, burada Fidan Əlizadənin zədəli olduğu üçün komandamıza texniki məğlubiyyət verilib. Nəticədə Fransa döyüşsüz 4:3 hesabı ilə qalib gəlib.
Bundan əvvəl Azərbaycan cüdoçuları fərdi yarışlarda gümüş və iki bürünc medal qazanıblar.