“Qarabağ” üçün əla şans: Ağdamlılar Çempionlar Liqasına qayıdacaqlarmı?

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Ölkəmizi təmsil edəcək “Qarabağ” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olacaq. Plzendəki “Dusan Arena”da olacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub tərəf isə yoluna Avropa Liqasının qrupunda davam edəcək.

Ağdam təmsilçisi bu görüşə itkilərlə çıxacaq. Belə ki, kapitan Maksim Medvedev ilə kolumbiyalı müdafiəçi Kevin Medina daha öncəki oyunlarda zədələndiyi üçün bu oyuna çıxmayacaqlar. Rəqib komandadan isə kapitan Lukaş Heyda cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, oyunun hakimləri Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu olacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ