“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının (APL) ikinci turunun oyunundan sonra komandanın baş məşqçisi Erik ten Haqın əlini sıxmaqdan imtina edib. Bu barədə Samuel Lakherst Twitter-də yazıb.
Mənbənin məlumatına görə, görüş başa çatdıqdan sonra futbolçu yalnız baş məşqçinin köməkçisi Stiv Maklarenlə danışıb. O, Ronaldoya “Mançester Yunayted” azarkeşlərinə yaxınlaşmağı məsləhət görsə də, hücumçu bunu etməyib. Portuqaliyalı dərhal paltardəyişmə otağına yollanıb.
“Mançester Yunayted” Premyer Liqanın 2-ci turunda səfərdə “Brentford”a 4:0 hesabı ilə məğlub olub. Hazırda “qırmızı şeytanlar” turnir cədvəlində sonuncu yerdə qərarlaşıblar. Komanda sonuncu dəfə 1992-ci ilin avqustunda oyun gününün sonunda turnir cədvəlində sonuncu yeri tutmuşdu.
İyulda Ronaldu “Mançester Yunayted”dən ayrılmaq istədiyini açıqlayıb. Hücumçuya “Napoli”, “Çelsi”, “Atletiko Madrid” və “Sportinq Lissabon” maraq göstərib.