Çempionlar Liqası: “Qarabağ”ın növbəti potensial doqquz rəqibi

İyulun 18-də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

Buta.media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da potensial rəqiblərini tanıyacaq.

Birinci təsnifat mərhələsində Polşanın “Lex” klubunu Bakıda 5:1 hesabı ilə məğlub edərək mərhələ adlayan Qurban Qurbanovun komandası 2-ci turda İsveçrə “Sürix”i ilə qarşılaşacaq. UEFA Avropa yarışlarının seçmə mərhələlərində elə sistem qurub ki, növbəti mərhələnin püşkatması hətta əvvəlki mərhələ başlamazdan əvvəl keçirilir. Bu baxımdan “Qarabağ” 3-cü dövrədəki mümkün rəqibini hələ 2-ci tur oyunlarından əvvəl biləcək.

İyulun 18-də keçiriləcək püşkatma mərasimində “Qarabağ” səpələnmişlər səbətində olacaq. Ağdam təmsilçisi “Apollon”u (Kipr), eləcə də 2-ci dövrənin aşağıdakı cütlüklərinin qalibləri ilə qarşılaşa bilər: “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), Maribor (Sloveniya) – “Şerif” (Moldova), “Linfild (Şimali İrlandiya) – Bude-Qlimt (Norveç), “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya). Həmçinin “səpələnməmişlər” arasında “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütü də olacaq, lakin “Qarabağ” bu komandalarla düşməyəcək, çünki UEFA Azərbaycan və Ermənistan klubları arasında görüşlər üçün bütün mümkün variantları ləğv edib.

Beləliklə, üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu adıçəkilən doqquz klubdan biri ilə düşə bilər.

“Qarabağ” “Sürixə” qalib gəlsə, avqustun 2-də Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimini yaxından izləyəcəyik. Burada ağdamlılar hazırda “səpələnməmişlər” səbətindədirlər. İlk dördlükdə yer alan klubların sırasına daxil olmaq üçün aşağıdakı üç komandadan ikisinin 2-ci raundda mübarizəni dayandırması lazımdır: “Dinamo Zaqreb” (rəqib – Makedoniyanın “Şkupi” klubu), Yunanıstanın “Olimpiakos” klubu (rəqib – Hayfadan “Makkabi”) və Çexiyanın “Viktoriya” komandası (rəqib - Finlandiyanın HJK klubu). 

Əgər “Qarabağ” “səpələnməmişlər” səbətində qalsa, “köhlən atları” pley-off mərhələsində Danimarkanın “Kopenhagen”, Serbiyanın “Srvena Zvezda”, eləcə də “Dinamo Zaqreb” və “Olimpiakos” gözləyə bilər.

İyulun 18-də “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimində də iştirak edəcək. Ağdamlıların “Sürix”ə uduzacağı təqdirdə, mübarizəni Avropa Liqasında davam etdirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ