“Forbes” nəşri gəliri milyard dolları keçən idmançıları seçərək tarixin ən çox qazanan atletlərinin adlarını açıqlayıb.
Buta.media-nın xəbərinə görə, reytinq nəşrin saytında yerləşdirilib.
Siyahıya amerikalı qolfçu Tayqer Vuds başçılıq edib. O, ümumilikdə çıxışları ərzində 1,72 milyard dollar qazanıb. Amerikalının karyerası 1996-cı ildə başlayıb.
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ikinci olub. “Mançester Yunayted”in forvardının gəliri 1,24 milyard dollar təşkil edib. Qeyd olunur ki, Ronaldu dünyanın ən məşhur idmançılarından biridir və bu, ona böyük reklam müqavilələri bağlamağa imkan verir.
Reytinqdə üçüncü yerdə amerikalı basketbolçu Lebron Ceyms qərarlaşıb. Milli Basketbol Assosiasiyasının (NBA) 37 yaşlı ulduzu “Nike” ilə ömürlük müqavilə imzalayıb. Onun ümumi qazancı 1,16 milyard dollar təşkil edib.