Polis azarkeşi səs-küy saldığına görə tribunadan uzaqlaşdırıb? - FOTO

I Divizionun 24-cü turunda MOİK – “Sumqayıt-2” ilə qarşılaşıb. 

Buta.media futbolpress.az-a istinadən xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçın sonlarına yaxın tribunada insident yaşanıb. 

Polislər MOİK azarkeşini tribunadan uzaqlaşdırıb. Buna onun “səs-küy salması” səbəb göstərilib. 

“Qafqazinfo”ya açıqlama verən azarkeş Hacıyev Şamxal hadisəni bu cür şərh edib:

“Dünən MOİK-in “Sumqayıt”a qarşı keçirdiyi matçı izləyirdim. Dostum, Elvin Nəsibov orda oynayır. Futbolda emosiya həmişə olur və teatr deyil ki, sakit oturasan. Oyun ərzində baş verənlərə reaksiya göstərirsən. Birdən polis yaxınlaşdı ki, səni tribunadan çıxarmalıyıq. Səbəbini soruşanda “səs-küy salırsan” dedilər. Polislərə bildirdim ki, futbolda bu normal haldır. Mən stadiona yad əşya atmıram, başqa maddələr tullamıram. Niyə məni tribunadan çıxarırsız?

Dediklərinə güldüm də. İctimai asayişi pozduğumu bildirdilər. Qol epizodları olur, reaksiya verirəm, qışqırıram. Referinin qərarlarına etiraz edirəm. Bunların hamısını da təhqirsiz edirdim. Söyüş belə işlətməmişəm. Dedilər ki, bölməyə aparacağıq. Cavab verdim ki, mən cinayətkaram? Mənim üçün əhəmiyyətli oyundur. Futbolu sevirəm və izləyirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ