2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edən idmançılar 100-dən çox keyfiyyətsiz medalı Oyunların təşkilat komitəsinə qaytarıblar. Bu barədə “La Lettre” məlumat yayıb.
Nəşr xatırladır ki, 2024-cü il Oyunlarından qısa müddət sonra mükafat alan bəzi idmançılar sosial mediada medallarının üst hissəsinin qopmasından şikayətləniblər.
Daha əvvəl Paris-2024-də bürünc medal qazanan ABŞ-li skeytbordçu Nayca Hyuston və fransalı üzgüçü Maksim Qrusse medalların keyfiyyətsiz olmasından şikayətlənmişdilər. Buna yarışdan iki həftə sonra adıçəkilən idmançıların medallarının çatlaması və üz qabığının soyulması səbəb olmuşdu.
“La Lettre” yazır ki, medallarla bağlı problemlər Paris Sikkəxanasının mükafatların hazırlanmasında istifadə etdiyi keyfiyyətsiz lakla bağlıdır. Qalmaqal fonunda istehsal və keyfiyyətə cavabdeh olan üç top-menecer işdən çıxarılıb.
Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri bütün qüsurlu medalların “yaxın həftələrdə” dəyişdiriləcəyinə söz veriblər.