Qvineyanın Nzerekore şəhərində futbol matçı zamanı azarkeşlərin meydanda törətdiyi kütləvi davada yüzə yaxın adam ölüb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Hadisə “Nzerekore” - “Labe” matçı zamanı baş verib. Yerli komandanın qapısına penalti təyin olunub, azarkeşlər isə bununla razılaşmayaraq meydançaya daxil olublar. Onlar bir-birlərinə daş atmağa başlayıblar.
“Hər şey mübahisəli hakim qərarı ilə başladı. Daha sonra azarkeşlər meydançaya girdilər”, - deyə hadisə şahidi AFP-yə bildirib.
Yerli xəstəxananın həkimi “təxminən 100 nəfərin öldüyünü” söyləyib. “Xəstəxanada cəsədlər dəhlizlərdə yerdə qalıb. Morq doludur”, - deyə həkim bildirib.