Sumqayıtda Futbolçular isti su tapmır. Yüz min manatdan çox borcu kim ödəməlidir?

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qaz kəsilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, stadionda qaz olmadığına görə isti su problemi mövcuddur. Ev oyunlarını adıçəkilən arenada keçirən “Sumqayıt” klubu da çətinliklə üzləşib. Keçirilən matçlardan sonra istər ev sahiblərinin, istərsə də rəqibin futbolçuları arenanın hamamından istifadə edə bilmir. 

Qazın kəsilməsinin səbəbi isə borcdur. Hazırda stadionun “Azəriqaz”a 100 min manatdan çox borcu var. Hər gün də bu borc artır. 

Maraqlısı isə budur ki, həmin borcun kimin ödəməli olduğu bilinmir. “Sumqayıt” klubu arenanı icarəyə götürsə də, borcun daha əvvəldən mövcud olduğunu bildirir.

Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev Qafqazinfo-ya açıqlamasında problemin mövcud olduğunu, lakin onlara heç bir aidiyyəti olmadığını deyib: 

“Borc biz hələ oyunlarımızı bu arenada keçirməmişdən öncə də mövcud olub. Biz ayda cəmi 2 dəfə oyun keçiririk və 2 oyunla 100 min manatdan çox borc yığıla bilməz. Özümüz də əziyyət çəkirik. Hər dəfə AFFA İntizam Komitəsi bizi cərimələyir. Klub olaraq bildiririk ki, həmin borcu stadionu tikən orqan – Sumqayıt Şəhər İcra Hakimiyyəti ödəməlidir. Yəni klub tərəfindən hansısa borc yoxdur”. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bildirilib ki, həmin borca klub cavabdehdir:

“Bu arenaya “Sumqayıt” futbol klubu baxır”. 

Ölkədəki futbol stadionlarının əksəriyyəti Gənclər və İdman Nazirliyinin balansında olsa da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu nazirliyə tabe deyil. Bu məlumat nazirlik tərəfindən də təsdiq edilib. 

Digər problem ondan ibarətdir ki, Belarusun “Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasındakı ev oyunları məhz Sumqayıtda keçirəcək. Minsk təmsilçisi Şotlandiyanın “Harts” klubunu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Lakin belaruslular hələ ki, su problemindən xəbərsizdir. Əgər o zamana qədər məsələ həllini tapmasa, UEFA bu dəfə “Dinamo”nu cərimələyəcək. 

Qaz problemi isə “Sumqayıt” klubu və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasındakı anlaşılmazlıq üzündən həll edilməmiş qalır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ