Sankt-Peterburqda ACA 93 qarışıq döyüş növü üzrə turnir çərçivəsində əslən azərbaycanlı olan və Rusiyanın “Mamishev Fight Team” klubunu təmsil edən Tural Rəhimov gücünü sınayıb.
Buta.media-nın məlumatına görə, Rəhimovun rəqibi məğlubedilməz Əhməd Şervaniyev olub.
Döyüş ilk raundda başa çatıb. Tural Rəhimov Qroznıdan olan və “Axmat” klubunu təmsil edən rəqibini nokauta salıb.
Bu “Dəmir adam” ləqəbli Turalın peşəkar rinqdə 17-ci qələbəsi idi. Onun ümumilikdə beş məğlubiyyəti var.
30 yaşlı Tural sambo və pankration üzrə idman ustasıdır, həmçinin qarışıq döyüş növləri üzrə və kiokuşinkay karate üzrə əməkdar idman ustasıdır.
T.Rəhimov həmçinin kiokuşinkay karate üzrə beşqat Azərbaycan, üçqat Avropa çempionu və dünya kubokunun sahibidir, eləcə də MMA üzrə Azərbaycan və dünya çempionudur.
O, 2012-ci ildə Sumqayıtdan Sankt-Peterburqa köçüb. Bununla belə Rəhimov Şirvaniyevlə döyüşə Azərbaycanda hazırlaşıb.
Onu da qeyd edək ki, Tural Rəhimovun təmsil etdiyi “Mamishev Fight Team” klubu azərbaycanlı milyarder Vaqif Məmişevindir.