“Formula-1” Azərbaycan Qran-prisinin biletlərinin qiyməti açıqlanıb

İyunun 10-12-də keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin satışa çıxarılacağı vaxt açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Buta.media-ya verilən məlumata görə, biletləri fevralın 22-dən etibarən əldə etmək mümkün olacaq.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üç günlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış “Formula-1” Azərbaycan Qran-prisi zamanı alınmış biletlər hazırki yarış üçün keçərli olacaq.

Bu ilki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.

Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ