“Qarabağ” yay transfer dövründə heyətinə yeni futboçu cəlb edib. Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku transfer edib.
Müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.
Futbolçu ilə danışıqlar iyulun əvvəlində uğursuz şəkildə başa çatmışdı. Ancaq Kaşuk iyulun sonunda Bakıya gəlib. Bundan sonra aşağı maaşla öz xidmətini “Qarabağ”a təklif edib. Ağdam təmsilçisinin rəhbərliyi və baş məşqçi Qurban Qurbanov məsləhətləşmələrdən sonra keçidə razılıq verib.
Məlumata görə, yayın əvvəlində “Qarabağ”dan 500-600 min dollar tələb edən 24 yaşlı vinger sonda 240 min dollarla kifayətlənib.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022/2023 mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.