Sven-Yoran Eriksson vəfat edib

İsveçli futbol məşqçisi Sven-Yoran Eriksson 76 yaşında vəfat edib.

Ailəsindən verilən açıqlamada deyilir ki, Eriksson uzun sürən xəstəlikdən sonra avqustun 26-da səhər saatlarında evində, yaxınlarının əhatəsində dünyasını dəyişib.

2024-cü ilin yanvarında Sven-Yoran Erikssona xərçəng diaqnozu qoyulub.

Məşqçi bu yaxınlarda pərəstişkarları üçün “Sven” sənədli filminin bir hissəsi olan vida mesajı yazıb.

“Yaxşı həyat yaşadım. Düşünürəm ki, hamımız öləcəyimiz gündən qorxuruq. Amma həyat həm də ölümdür. Onu olduğu kimi qəbul etməyi öyrənməlisən. Ümid edirəm sonda insanlar deyəcəklər ki, bəli, o, yaxşı insan idi. Lakin hamı bunu deməyəcək. Ümid edirəm ki, məni əlindən gələni etməyə çalışan pozitiv bir oğlan kimi xatırlayacaqsınız. Peşman olmayın, amma gülümsəyin. Hər şeyə görə təşəkkür edirəm: məşqçilər, oyunçular, tamaşaçılar. Bu inanılmaz idi. Özünüzün və həyatınızın qayğısına qalın. Yaşayın. Əlvida”, – Eriksson deyib.

Sven-Yoran Eriksson İngiltərə futbol komandasının tarixində ilk əcnəbi məşqçi olub. O, 2001-2006-cı illərdə Devid Bekhem, Stiven Cerrard, Ueyn Runi və Frenk Lempardın daxil olduğu komandaya baş məşqçilik edib. Milli komandada olduğu müddətdə o, Dünya və Avropa çempionatlarında üç 1/4 finalda iştirak edib.

Eriksson məşqçilik karyerası ərzində İngiltərənin “Mançester Siti” və “Lester Siti”, İtaliyanın “Roma”, “Fiorentina” və “Latsio” klubları da daxil olmaqla 12 klomandaya rəhbərlik edib. Ümumilikdə məşqçi İsveçdə (Höteborq), Portuqaliya (Benfika) və İtaliyada (Latsio) çempionluqlar da daxil olmaqla, 18 futbol kuboku qazanıb. Eriksson həmçinin Meksika, Fil Dişi Sahili və Filippin milli komandalarını da idarə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ