Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova jest edib. O, məşqçiyə “77-QQ-777” seriyalı dövlət nömrə nişanı bağışlayıb.
Yenisabah.az dövlət nömrə nişanının qiymətini araşdırıb.
Belə ki, sözügedən nömrənin dövlət rüsumu 4-5 min manatdır. Amma dövlət nömrə nişanının “qara bazar”dakı qiyməti isə 100 min manata yaxındır.
Qeyd edək ki, bundan öncə “77-ZZ-777” seriyalı dövlət nömrə nişanı 200 min manata satışa çıxarılmışdı. Nömrədə qoşa hərflərin yanaşı olması qiymətə təsir edən əsas amillərdəndir. Belə ki, seriya nömrəsində qoşa hərf olan nömrələri 50 min manata belə tapmaq mümkün deyil.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu cür nömrələri rəsmi şəkildə almaq mümkündür:
“Qara bazardakı qiymətlərdən xəbərim yoxdur. Amma bu cür “zerkalnıy” nörələrin rəsmi rüsumları var, bu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə nömrələrin rüsumi 1000 manatdan 3000 manata qədər dəyişir. Kim istəsə, müraciət edib nömrə qalıbsa, rəsmi şəkildə onu ala bilər”.
Ekspert “qara bazar”da insanların üzləşdiyi bəzi fırıldaqları da açıqlayıb:
“Bəzən insanlar “qara bazar”dan dövlət nömrə nişanı almaq istəyir. Bu zaman onlar daha çox internetdən tapdıqları şəxslərə müraciət edirlər. Bu zaman şəxs nömrəni satan adama nə qədər istəsə, pul verə bilər. Bu məsələyə yol polisi qarışmır.
Bəzən nömrə satanların arasında dələduzlar da çox olur. İnsanlar nömrəni almaq üçün müraciət edir, zəng vuranda satıcı deyir ki, beh yolla, saxlayım. Daha sonra həmin “satıcı” yoxa çıxır.
Bəzən sahibi olan nömrələr belə fırıldaqçılar tərəfindən internetdə satışa çıxarılır. Bu məsələdən isə nömrə sahibinin heç xəbəri də olmur”.