“Bakıda belə uduzublarsa, təsəvvür edin, səfərdə necə olacaq” - Əfran İsmayılov

Çox acınacaqlı məğlubiyyət oldu. Ən üzücü məqam odur ki, çox həvəssiz məğlub oldular. 

Buta.media-nın məlumatına görə, bunu Milli komandamızın sabiq üzvü, mövsümün sonunda “Sumqayıt”dan ayrılan Əfran İsmayılov Qol.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, oyun araşdırılacaq:
 
"Biri var, oynayıb uduzasan, bir də var ki, bu formada. Məsələn, biz Almaniyaya uduzanda bu qədər üzülməmişdik. Birinci hissədə hesab 1:1 idi. İkinci hissənin ortalarından etibarən biz çatdırmadıq, almanlar 3 qol vurub, 4:1 uddular. Dünən isə elə oldu ki, sanki heç futbol oynamadıq. Yalnız Ramil idi, o yan-bu yana qaçdı, özünü öldürdü. Sonda də bəhrəsini gördü, qolunu vurdu. Başqa qeyri-adi bir şey olmadı. Rəqib elə gülünc qollar vurdu ki... Ona görə deyirəm ki, acınacaqlı məğlubiyyət oldu. Həmişə uduzmaq olar. Amma belə məğlub olmaq çox üzücüdür.

Bilmirəm, nə məsələdir. Baş məşqçi var, rəhbərlik var. Hamısını araşdıracaqlar. Sonda bilinəcək ki, niyə belə olub. Mən işin o tərəfini bilmirəm. Çünki komandada deyiləm, kənardayam. Ancaq bizim vaxtımızda belə şey yox idi ki, asanlıqla uduzaq. Hər zaman deyirdim ki, Macarıstan və Slovakiya ilə ev oyunlarından maksimum xal almalıyıq. Çünki bundan sonra vəziyyətimiz çox ağırlaşacaq. Evdə cəmi 2 oyunumuz qalıb. Qalanları səfərdə olacaq. Rəqiblərimiz çox güclüdür. Onsuz da Avropa çempiotının final mərhələsinə çıxmaq variantımız az idi, cəmi 10-20 faiz şansımız var idi. Artıq belə bir şansımız da demək olar ki, yoxdur. Bizdə heç vaxt belə olmayıb ki, evdə 2 oyun keçirib, hər ikisini uduzaq. Mütləq xallar toplamışıq. Bundan sonra səfərə gedəcəklər. Burada belə uduzublarsa, təsəvvür edin, onların meydanında necə olacaq. Qarşıda çox ağır oyunlarımız var".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ