İddiaçılar turniri: Nicat Abasov ilk dəfə qara fiqurlarla xal qazandı

Torontoda (Kanada) şahmat üzrə İddiaçılar Turnirdə 8-ci turun oyunları keçirilib.

Azərbaycanlı qrossmeyster Nicat Abasov (reytinq – 2632) qara fiqurlarla rusiyalı şahmatçı Yan Nepomniyaşşi (2758)  ilə qarşılaşıb. İlk turda olduğu kimi, rəqiblər heç-heçə oynayıblar. Oyun 63-cü gedişdə başa çatıb.

Maraqlıdır ki, qrossmeysterimiz ilk dəfə bu turnirdə qara fiqurlarla oynayarkən uduzmayıb. Nicat Abasovun 2,5 xalı var və o, sonuncu 8-ci yerdədir.

Xatırladaq ki, ilk turda Nepomniyaşşi ilə heç-heçə edən azərbaycanlı şahmatçı amerikalı Fabiano Karuana uduzaraq, digər ABŞ təmsilçisi Hikaru Nakamura və fransalı Alireza Firuzca ilə xalları bölüşüb, daha sonra isə Hindistan təmsilçiləri Dommaracu Qukeş və Rameşbabu Praqnanandha uduzub. Birinci dövrənin sonunda isə Nicat daha bir hindistanlı şahmatçı Santoş Viditlə sülh bağlayıb.

Səkkiz turdan sonra sonra Yan Nepomniyaşşi və Dommaracu Qukeş hərəyə 5 xal toplayaraq turnir cədvəlinə başçılıq edirlər.

Səkkiz şahmatçının iştirak etdiyi namizədlərin turniri iki turda keçirilir. Qalib hazırkı dünya çempionu çinli Din Lijenlə oynamaq hüququ qazanacaq.

Nicat Abasov 2023-cü ildə Bakıda keçirilən Dünya Kubokunda sensasiyalı şəkildə 4-cü yeri tutaraq İddiaçılar Turnirinə yüksəlib. O, Torontodakı bütün rəqiblər arasında ən aşağı reytinqə malikdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ