Sabah, fevralın 22-də, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” ilə “Braqa” arasında cavab oyunu keçiriləcək.
“Braqa”nın baş məşqçisi Artur Jorje oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Oyun üçün strategiyadan danışan baş məşqçi bildirib ki, qarşılarında çətin missiya durur.
“Nəzərə alsaq ki, həftəsonu gərgin oyub keçirmişik. “Qarabağ”ın isə həftəsonu oyunu olmayıb. Biz olduqca motivasiyalıyıq, qələbə qazanmaq imkansız deyil. Çalışacağıq ki, vəziyyəti xeyrimizə dəyişək”, deyə o əlavə edib.
Artur Jorje bildirib ki, tələblər yüksək olsa da, oyunçuların meydandan zövq alması önəmlidir:
“İlk oyundan sonra oyunçular soyunma otağında vəziyyəti dəyişdirəcəklərini dedi. Bizim heyətimizdə keyfiyyətli futbolçular var. Bu cür oyunçuların qələbə qazanmasına şübhə etmirəm”.
İlk oyunda “Qarabağ”a uduzmaqlarında danışan baş məşqçi qeyd edib ki, birinci hissədə qol buraxmaqları oyunun açar anı idi.
“İkinci hissədə isə müəyyən periodu oldu ki, həmin zaman komanda olaraq başımızı itirdik. İlk oyunda “Qarabağ”ın üstün olduğu görünürdü. İndiki məqamda rəqibi dəyərləndirməmək doğru olmaz. Ağdam təmsilçisini ciddi rəqib kimi görürəm, yaxşı futbolçuları var”, “Braqa”nın baş məşqçisi yekunlaşdırıb.