“Bizi ləkələmək istəyirlər” - Tofiqdən saxlanılmasına reaksiya

Azərbaycanın MMM döyüşçüsü Tofiq Musayev xuliqanlıq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu barədə Baku TV-yə danışıb.

Tanınmış idmançı məsələyə belə münasibət bildirib:

“Yayılan xəbərlər boş-boş şeylərdir. Ölkənin bayrağını ucaldan, müharibədə can qoyan idmançılara hörmət eləsinlər, biz bu millət üçün canımızdan, qanımızdan keçmişik. Bunlar deyəsən, bizi ləkələmək istəyirlər”.

Tofiq Musayev yayılan xəbərləri təkzib etsə də, DİN-dən “Qafqazinfo”ya fakt təsdiq edilib. T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər barəsində digər qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ