Bu günlərdə Afrikanın iki futbol komandası Azərbaycanda səfərdədir. Onlardan biri də Liberiyadan olan “Black Man Warrior” klubudur. Liberiya çempionatının 2-ci divizionunda çıxış edən bu komanda Xırdalandakı Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirir.
“Black Man Warrior” və ya afrikalıların qısaca adlandırdıqları BMW artıq Azərbaycanda bir yoxlama oyunu keçirib. Və burada maraqlı anlar yaşanıb. Hələ oyundan əvvəl Liberiya klubu sosial şəbəkələrdəki səhifələrində Moldova komandası “Dinamo-Avto” (Tiraspol) ilə oynayacağını açıqlayıb.
Matç Abşeron Olimpiya İdman Kompleksinin meydançasında keçirilib, lakin foto və videolara baxanda liberiyalılara qarşı oynayan komandanın moldovalılar olmadığı aydın görünür. BMW 11 qaradərili futbolçudan ibarət komanda ilə qarşılaşıb, lakin matçdan sonra da liberiyalılar “Dinamo-Avto” ilə oynadıqlarını iddia etməyə davam ediblər.
Yeri gəlmişkən, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bəs BMW-nin rəqibi kim olub?
Afrikada yaşayıb-işləyən insanlardan afrikalıların diqqətsizliyi və laqeydliyi haqqında bir neçə dəfə eşitmişik. Bu da bariz nümunə: Liberiya komandası kimə qarşı oynadığını belə bilmir.
Abşeron Olimpiya İdman Kompleksində haqqin.az-a verilən məlumata görə, əslində “Black Man Warrior” komandası “Pelikan” futbol agentliyinin Bakıda təşkil etdiyi düşərgə iştirakçıları ilə yoxlama oyunu keçirib. Düşərgədə Afrikanın müxtəlif ölkələrindən olan gənc futbolçular iştirak edir və məhz onlar liberiyalılarla qarşılaşıblar.
Bəs niyə “Black Man Warrior” Moldovanın “Dinamo-Avto” klubu ilə oynayacaqlarını düşünüb? “Pelikan”nın izah etdiyi kimi, agentlik bir il “Dinamo-Avto” klubunu idarə edib, lakin ötən ilin sentyabrında Tiraspol komandası ilə əlaqə tamamilə kəsilib və hazırda bu klubla heç bir əlaqələri yoxdur.
Agentlik özü də Liberiya klubunun sosial şəbəkələrdə etdiyi səhvdən xəbərdardır və hətta onu düzəltməyi xahiş edib. Lakin “Black Man Warrior” öz səhvini etiraf etməyə tələsmir, Moldova komandası ilə oynadıqlarını israr etməyə davam edir. Bir növ Afrika farsı!
BMW üçün Azərbaycana səfər İndoneziyada yerləşən müəyyən “JK Academic Agency” tərəfindən təşkil olunub. Təlimlərin məqsədi “liberiyalı oyunçulara istedadlarını kəşf etməyə kömək etməkdir”.
Liberiyadan olan 21 nəfərdən ibarət komanda bir neçə günə Azərbaycana çatıb. Komanda əvvəlcə, Kot-d'İvuarın paytaxtı Abidjan şəhərinə gedib və oradan Dubay vasitəsilə təyyarə ilə Bakıya gəlib.
Liberiyalılar bildiriblər ki, Bakı hava limanında onları gül-çiçəklə qarşılayıblar. Komanda Abşeron Olimpiya İdman Kompleksində qalır.
Afrikalı qonaqlar ikinci yoxlama oyununu bazar günü keçirməyi planlaşdırırlar. Onlar ümumilikdə 13 gün Azərbaycanda olacaqlar.