Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyevin Xorvatiyada keçiriləcək “Zaqreb Open” turnirinə aparılmamasının səbəbi müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musayev “Report”a açıqlamasında 32 yaşlı üçqat dünya və dördqat Avropa çempionunun çəki salmamaq üçün bu addımı atdığını bildirib.
O, “Zaqreb Open”də iştirak edən güləşçilərin az çəki salanlar olduğunu bildirib:
“Onlarda ciddi problem olmur. Burada idmançılar çəki salaraq güləşirlər. Hər güləşçi öz çəkisindən maksimum iki kq artıq ola bilər. Hacı Əliyev isə 4-5 kq, hətta bəzən daha çox çəki salır. Hərbçilər arasında dünya çempionatında da 70 kq çəkidə güləşmişdi. Hacının yaşını da nəzərə alsaq, o, il ərzində ən yaxşı halda iki dəfə çəki sala bilər. Bu da böyük interval olmaq şərti ilə”.
AGF rəsmisi Hacı Əliyevin əsas diqqəti Avropa Olimpiya Təsnifat turnirinə yönəltdiyini söyləyib:
“Komanda hazırda təlim-məşq toplanışının fiziki hazırlıq mərhələsindədir. Bu dönəmdə güləşçilər çəki salmırlar. Hacı Əliyevin əsas məqsədi isə Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaqdır. İndi çəki salsa, həmin yarış ərəfəsində yenidən çəkisini azaltmalı olacaq. İl ərzində bir neçə dəfə çəki salan idmançı isə formada olmur. Çünki fiziki hazırlıq zamanı idmançı yaxşı qidalanmalıdır”.
Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir. Sərbəst güləş millimiz yarışda 9 nəfərlə mübarizə aparacaq.