AFFA İntizam Komitəsi "Lerik"in futbolçusu Rahid Ağazadəyə bütün turnirlər daxil olmaqla 6 oyunluq cəza verib.
“Qafqazinfo” xəbər verir ki, buna onun "Sumqayıt"la Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçında rəqib oyunçu Kristian Velinovskiyə qarşı etdiyi kobudluq səbəb olub.
Ağazadə birbaşa qırmızı vərəqə alıb. Hadisə nəticəsində Şimali Makedoniyadan olan futbolçu əmək qabiliyyətini bir neçə ay itirib.
PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsasən Rahid Ağazadə bütün turnirlər daxil olmaqla 6 oyunluq cəzalanıb, “Lerik” klubu 300 manat cərimə edilib.
Qeyd edək ki, matçda ayağı sınan Kristian Velinovski 3-4 aydan sonra məşqlərə başlaya biləcək. Qarşılaşma "Sumqayıt"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.