Qara Qarayev De Byaziyə cavab verdi - video

“Neftçi”nin futbolçusu Qara Qarayev onu milliyə dəvət etməyən yığmamızın sabiq baş məşqçisi Canni De Byazinin ittihamlarına cavab verib.

Təcrübəli yarımmüdafiəçi bu barədə özünü Facebook hesabında paylaşım edib.

“Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu, o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli  formanı ləyaqətlə geyinmişəm!” - Qarayev bildirib.

Qeyd edək ki, Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi Qara Qarayevi niyə milliyə dəvət etməməsinin səbəbini açıqlayıb. O bildirib ki, Qara Qarayev Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib. De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də “Qafqazinfo”ya təqdim edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ