Bakıda legioner qadın idmançıya qarşı əxlaqsızlıq edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl voleybol klublarından birinin üzvü, Qazaxıstan vətəndaşı A.M Yasamal Rayon Polis İdarəsinə müraciət edərək üzləşdiyi xuliqanlıq hadisəsi barədə məlumat verib.
Əcnəbi idmançı şikayətində “Bolt” tətbiqi vasitəsilə taksi sifariş etdiyini, 77 ** 144 dövlət nömrə nişanlı “Kia” markalı avtomobillə yola çıxdığını və sürücünün metronun “Nizami” stansiyası yaxınlığında ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib.
Avtomobildən düşəndən sonra polisə şikayət edən qazaxıstanlı idmançı həmin şəxsin tapılaraq cəzalandırılmasını xahiş edib.
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin həyata keçirdiyi tədbirlərlə taksi sürücüsünün 1996-cı il təvəllüdlü C.Məmmədli olması müəyyən edilib. O, saxlanılaraq bölməyə aparılıb və törətdiyi hadisə ilə bağlı barəsində protokol tərtib edilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 20 sutka inzibati həbs cəzası verilib.